"Muğam müsabiqələri Ağadadaş Ağayevin mahnısıyla başlamır" — Qarabağlı bəstəkar – VİDEO
Bəstəkar-hüquqşünas Ruslan Əhmədoğlu Ağadadaş Ağayevin "Qarabağda musiqi məktəbi yoxdur və olmayıb" açıqlamasına münasibət bildirib.
R.Əhmədoğlu "Ölkə.Az"a açıqlamasında deyib:
"Məsələyə münasibətimi nə huquqşunas,nə də bəstəkar kimi deyil, illərdir torpağı erməni vəhşiləri tərəfindən işgal olunmuş qarabağlı kimi bildirmək istəyirəm. Aydın məsələdir ki, şou biznes qalmaqal içindədir. Fikrimcə, bu yersiz, məntiqsiz məsələni dövlət tərəfindən xüsusi qayğı göstərilən sahəyə gətirib nifaq salmaq düzgün deyil. Nə Alim Qasımov, nə Mənsum İbrahimov indiyədək dəfələrlə "Qarabağ şikəstəsi"ni xarici konsertlərdə oxuyarkən belə "bölgü" aparmayıblar. Maraqlıdır ki, indi Ağadadaş Ağayev bunu niyə edir?"
Bəstəkar xalq artistini fars mahnısını öz adına çıxmaqda qınayıb:
"Ağadadaş Ağayevin fars yolu ifaları sevməyini anlayıram. Çünki illərlə "Dodağına gülüş qonub"un söz-musiqisinin özünə məxsus olduğunu deyirdi. Halbuki mətbuat dəfələrlə həmin mahnının farslara aid olduğunu isbatlayıb. Muğamı bölgələrə bölmək günahdır. Bu arada Ağadadaş Ağayevə bir məqamı xatırladım. Heydər Əliyev Fondunun təşkil etdiyi muğam müsabiqələri Ağadadaş Ağayevin "Sən oldun" mahnısıyla deyil, əslən Qarabağdan olan, yeddi yaşı olanda "Qarabağ Bülbülü" adlandırılan Tacir Şahmalı oğlunun "Bayatı-şiraz" muğamının möhtəşəm ifasıyla başlayır".
Qeyd edək ki, Ağadadaş Ağayev saytımıza açıqlamasında muğam məktəbinin Bakıda, Qarabağda, Şirvanda deyil, Təbrizdə olduğunu söyləmişdi.
Mənbə:> Ölkə.Az