“İ-patrul”un tətbiqinə başlanıldı – VİDEO
Yeni Yol-Patrul Xidməti avtomobillərinə quraşdırılmış 'İ-patrul' sistemi tam qüvvəsi ilə işə düşüb. 'İ-patrul' sistemində məqsəd yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitələrini operativ şəkildə müəyyən etməkdir. Artıq bir neçə gündür ki, fəaliyyətə başlayan bu sistem vasitəsi ilə xeyli sürücü cərimələnib.
AzNews.info-nun xezerxeber-ə istinadən məlumatına görə, araşdırma zamanı məlum olub ki, ən çox qayda pozuntuları sürət həddinin aşılması, təhlükəsizlik kəmərindən istifadə etməməkdir.
“2015-Avropa Oyunları” öncəsi paytaxta gətrilmiş yeni patrul avtomobillərində altı kamera var. Bu kameranın vasitəsi ilə sağ-sol yan tərəflərdə, qabaq və arxa hissədə eyni zamanda çarpaz quraşdırılmış kameralar nəqliyyat vasitələrinin dövlət nömrə nişanını qeydə alır və dərhal yaddaşa ötürməklə baza məlumatlarını üzə çıxarır.
Yol hərəkəti qaydasını pozan hərəkətli və ya hərəkətsiz avtomobillər bu i-patrul vasitəsilə aşkar edilir. Həmin informasiya yol patrul avtomobilindəki bort-kompüterə ötürülür və bundan sonra həmin sürücü barəsində elektron protokol tərtib edilir.
Qeyd edək ki, həmin sistem eyni anda qayda pozan bir neçə avtomobili çəkib elektron protokol tərtib edə bilir. Sistemə quraşdırılmış 6 kamera 500 metr məsafəni görmək, qayda pozuntularını qeydə almaq iqtidarındadır. Ancaq sistem 100 metr məsafədəki avtomobilin dövlət nömrə nişanını qeydə ala bildiyindən həmin radiusdakı inzibati xətalara uyğun elektron protokol tərtib ediləcək.
“Kameralar yanları, irəlini və arxanı həm düzünə, həm də çarpazvari şəkildə çəkə bilir. Artıq gün ərzində i-patrul sistemi tərəfindən sürücülərə 700-800 inzibati protokol tərtib olunub” - deyə DYP sözçüsü bildirib.
Avtomobil işlək vəziyyətdə olmasa belə sistem bütün qayda pozuntusunu çəkir. Bir sözlə çoxfunksiyalı 'i-partul' sistemi sürücülərin yol hərəkəti qaydalarını pozub diqqətdən yayınmaq şansını sıfıra endirir.
Bu arada martın 1-dən tətbiq edilən yeni İnzibati Xətalar Məcəlləsinə görə, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər radara düşür. Təkcə ötən gün xeyli sürücü bu qayda pozuntusuna görə cərimələnib.
Mənbə:> Xezerxeber.com