"Hacıqabul Broyler"in yumurtası "partlayıb", içindən əcaib maddə çıxıb – VİDEO
Bakı sakinlərindən biri yerli yumurta adı ilə aldığı məhsulu istifadə edərkən qəribə hadisə ilə qarşılaşıb. “Hacıqabul” quşçuluq firmasının möhürü olan yumurtanı qaynamağa qoyan zaman yumurta partlayıb və plastmas maddəyə çevrilib.
Virtualaz.org xəbər verir ki, bununla bağlı Arif Kazımov adlı sosial şəbəkə istifadəçisi video paylaşıb. Videoda şikayətçi iddia edir ki, üzərində “Hacıqabul” quşçuluq firmasının möhürü olan yumurta geni dəyişdirilmiş və ya süni məhsul ola bilər. Bununla bağlı 102 xidmətinə və İqtisadi İnkişaf Nazirliyinə müraciət edən şikayətçi aidiyyatı qurumlardan məsələnin araşdırılmasını xahiş edib.
Əks-səda doğurmuş bu hadisə ilə bağlı virtualaz.org Hacıqabul Quşçuluq Şirkətinin direktor müavini Nemət Babaşovla əlaqə saxlayıb. Şirkətin direktor müavini açıqlamasında bu informasiyanın həqiqəti əks etdirmədiyini və onların rəqiblərinin işi olduğunu deyib.
“Bu qeyri-düzgün məlumatdır, bizim düşmənlərimiz, rəqiblərimiz tərəfindən pul verilərək belə bir video çəkdiriblər. İstənilən adam gəlib bizim sexlərə, anbara baxa bilər. Bu yalan məlumatdır və heç bir əsası yoxdur”, - deyə N.Babaşov bildirib,
“Ümumiyyətlə, yumurtanın plastik materiala çevrilməsi mümkündürmü?” sualına gəlincə isə, direktor müavini bildirib ki, əgər toyuğa pambıq yağı verilərsə, yumurtası plastik maddəyə çevrilə bilir: “Pambıq yağının tərkibində qossipol maddəsi var. Əgər toyuq həmin maddəni yeyərsə, yumurtası bərkiyə bilər. Bu o halda mümkündür ki, quşçuluq fermalarının əməkdaşlarını aldadaraq onlara soya və ya digər yağ əvəzinə pambıq yağı satsınlar. Amma bizdə bütün quşçular peşəkardırlar və onlar buna aldanmazlar. Xüsusən bizə yem satanlar çox əziyyət çəkirlər. Çünki şirkətimizdə yemlər xüsusi yoxlanışdan keçərək toyuqlara verilir”, - deyə N.Babaşov bildirib.
Məsələ ilə bağlı Dövlət Qida Təhlükəsizliyi Agentliyi ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı sosial şəbəkələrdən həmin hadisədən xəbər tutduqlarını deyib. Onun sözlərinə görə, hazırda qurumun müvafiq şöbəsinə bu barədə araşdırma aparmaq tapşırılıb. Araşdırmanın nəticəsi ilə bağlı mətbuata açıqlama veriləcək.
Mənbə:> Virtualaz.org