Bakıda ərköyün biznesmen oğlu: 17 yaşında "Jeep"ə oturdu, qadını vurub öldürdü – FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunan 17 yaşlı Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Novruz Kərimov sədrlik edib.
Prosesdə mərhum Könül Əkbərovanın anası Bəsti Qədimova zərərçəkmişin hüquqi varisi kimi tanınıb.
O bildirib ki, K.Əkbərovanın bir oğlu əsgərlikdədir, 11 yaşlı ikinci övladı xəstədir, üçüncü uşağının isə 6 yaşı var.
B. Qədimova deyib ki, qəzanı törədən R. Rəhimovun həyatının qaralmasını istəmir: "O da uşaqdır, 17 yaşı var, ona görə də bir söz demirəm".
Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Rəhim Rəhimov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində noyabrın 8-də sürücüdən maşını istədiyini, ad gününə getdiyini deyib: "Sürətim aşağı idi. 50-60-la hərəkət edirdim. Hava yağışlı idi, yol sürüşkəndi. Maşının nəyəsə dəydiyini eşitdim. Heç nə görmədim. Maşından düşəndə yerdə cəsəd gördüm.
Yaxınlaaşıb nəbzinə baxdım. Nəbzi vurmurdu. Təcili yardıma zəng vurdum. Yarım saat cəsədin yanında oturdum. Orada oturub ağlayırdım. Keçindiyini bilirdim. Amma yenə də telefonu burnuna tutdum ki, bəlkə nəfəsi var, şokdaydım. Polislər gəldi. Dedim mən etmişəm hadisəni. Polislər məni hadisə yerindən uzaqlaşdırdılar... Mən istəməzdim bu hadisə olsun. Mərhumu tanımamışam. Şokda olmuşam həmin vaxt. Çox peşmanam".
Tərəflərini suallarını cavablandıran R.Rəhimov sürücülük vəsiqəsi olmadığını, ad gününə getdiyi üçün sürücüdən maşını ona verməsini xahiş etdiyini deyib: "Polislərə sürücülük vəsiqəm olmadığını demədim. Polisin biri dedi ki, səni tanıyıram. Maşının nömrəsindən tanımışdılar...”.
Hakimin, "həmin polislər məhkəməyə gəlsə tanıyarsanmı" sualına R.Rəhimov "üzdən tanıyaram yəqin" deyə cavab verib.
R.Rəhimov prokurorun "sürücü Əmrulla Şahbazov ilkin ifadəsində hadisənin onun tərəfindən baş verdiyini bildirib. Sizcə, niyə belə ifadə verib" sualına R.Rəhimov bu barədə məlumatı olmadığını deyib.
Zərərçəkmiş R.Rəhimovdan qızının son sözlərinin nə olduğunu soruşub: "Bəlkə qızım nəsə deyib, nə olar de, son sözü nə olub? Bilmək istərdim".
R.Rəhimov isə maşından düşəndə artıq K.Əkbərovanın keçindiyini deyib:"Əgər keçinməsəydi, özüm aparacaqdım onu xəstəxanaya".
R.Rəhimov istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadələr ziddiyyət təşkil edib. Hakim təqsirləndirilən şəxsin istintaqa verdiyi ilkin ifadəsini elan edib. İstintaqa verdiyi ilkin ifadəsində R.Rəhimov göstərib ki, sürücüyə zəng vurub onu dostunun ad gününə aparmasını dedikdə sürücü ona hadisə törətdiyini deyib: "Enerji" klubda idim. Sürücüyə zəng vurdum ki, məni dostum Nicatın ad gününə apar. Telefona gec cavab verdi, sonra qəza törətdiyini, hadisə yerinə gəlməməyimi tapşırdı".
İstintaqa verdiyi digər ifadəsində isə hadisənin onun tərəfindən baş verdiyini deyib: "Bir daha soruşdum ki, qadın sağdır ya yox? Ağlayırdım. Polislər qollarımdan tutub məni taksiyə otuzdurdular. Polislər dedilər ki, get, sürücüyə de, gəlsin. Mən də getdim".
Hakim "niyə ilkin ifadənizdə hadisənin sürücü tərəfindən baş verdiyini demisiniz?" – deyə soruşub.
R.Rəhimov hakimin bu sualına cavab vermək istəmədiyini deyib.
Hakimin "niyə ertəsi gün özün polisə gedib təslim olmadın" sualına isə R.Rəhimov "Gözlədim ki, ya evdən, ya da universitetdən aparsınlar" cavabını verib.
Prosesdə zərərçəkmiş Bəsti Qədimova da sərbəst ifadə verib.
O söyləyib ki, zəng edib qızının qəzaya düşdüyünü deyiblər: "Mən xaricdə xəstə baxıcısı işləyirən. Hadisə zamanı da xaricdə idim. Özüm xəstəyə qulluq edirəm ki, nəvələrimə baxım. Mərhum oğlumun üç balasına da mən baxıram. Bakıya gələndə qızımı morqda gördüm. Mənim qəzanı törədən şəxs yaşda nəvəm var. Ona baxanda nəvəmi xatırlayıram. Qızım artıq geri qayıtmayacaq. Şikayətim yoxdur".
Zərərçəkmiş növbəti məhkəmə proseslərində iştirak etmək istəmədiyini deyib.
Məhkəmədə təqsirləndirilən şəxsin qanuni nümayəndəsi kimi atası Akif Rəhimov tanınıb.
Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.
Qeyd edək ki, R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub.
Hadisə ötən il noyabrın 8-də Səbail rayonu ərazisində, "Bayraq meydanı"nın yanında baş verib.
R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.
Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilən R.Rəhimov 21 gün sonra, noyabrı 29-da şübhəli şəxs qismində tutulub. Onun könüllü olaraq polisə təslim olduğu da deyilir.
3 uşaq anası olan mərhum Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Həbs edilən R.Rəhumov iş adamı Akif Rəhimovun oğludur. Akif Rəhimov "Xırdalan Xəz" ATSC-nin rəhbəri, qardaşı Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.
Mənbə:> Virtualaz.org