Nazir: “Prezidentin bizə iradı tamamilə haqlıdır...”
"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun bərpası və abadlaşdırılması ilə bağlı layihə mövcuddur. Hazırda layihənin başa çatdırılması üçün işlər görülür".
Bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir əlavə edib ki, layihələndirmənin əsasında işlər görüləcək: "Amma orada insanlar yaşayır və bununla bağlı problemlər var. Bu məsələ həll olunandan sonra işlər görüləcək. Dövlət qurumları bu işlə məşğuldur. Cənab Prezidentin bununla bağlı iradı tamamilə haqlıdır. Bu çoxdan aktual olan bir məsələdir. Biz bu məsələyə çoxdan diqqət yetirməli idik. Təndiqdən nəticə çıxardacağıq".
Prezident İlham Əliyev ötən ilin dekabrın 29-da Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak etdikdən sonra “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb.
Qoruqdakı vəziyyətlə tanış olan dövlət başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.
Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.
***12:07
“Turizm fəaliyyəti üzrə lisenziyalar ləğv olunan sonra bəzi dəllalar ortaya çıxıb".
Bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, həmin şəxslər insanları aldadırlar: "Onlar guya xidmət göstərirlər. Yalandan qiymətlər verirlər, yalandan nəqliyyat təşkil edirlər. Son nəticədə Azərbaycan turizminin səviyyəsi enir. Nəticədə biz itiririk. Biz birləşib normal bir proqram üzərində öz potansialımızı ortaya qoya və bu məhsulu dünya miqyasına çıxara bilmirik. Bunu etsək, o dəllal və yalançılar acı nəticələrlə üzləşəcəklər".
Ə.Qarayev əlavə edib ki, hazırda turizm haqqında yeni qanunun üzərində iş aparılır: "Bu qanun Azərbaycan turizminin keyfiyyətinin və imicinin qorunması baxımından çox əhəmiyyətli olacaq. Güzəştə gedilməyəcək. Əgər kimsə beş ulduzlu otel əvəzinə iki ulduzlu otelin xidmətlərini göstərirsə, deməli, ölçülər götürüləcək. Əgər turist şirkətləri dəllalıqla məşğuldurlarsa, insanları aldadırlarsa, o şirkətlər məsuliyyətə cəlb olunacaq. Mən bu qanunun qəbul olunmasını səbirslizliklə gözləyirəm".
Mənbə:> Virtualaz.org