Zəhra üçün susub, erməniyə sevgi göstərən xalq artisti ictimai qəzəbə gəldi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin

Zəhra üçün susub, erməniyə sevgi göstərən xalq artisti ictimai qəzəbə gəldi

Zəhra üçün susub, erməniyə sevgi göstərən xalq artisti ictimai qəzəbə gəldi


Xalq artisti Brilliant Dadaşova daha bir səs-küylü qalmaqalın cənginə düşüb. Belə ki, onun erməni qarmon ifaçısı Varujan Şahbazyanla isti münasibətləri ortaya çıxıb. Əvvəlcə xalq artistimizin erməni ifaçısının qarmonda ifasını bəyənib, rəy bölməsinə “super” yazmağı aşkarlanıb. Qarşılığında erməni ifaçısı da ona cavab olaraq “Çox sağ ol, əzizim” yazıb. Daha sonra isə məlum olub ki, bu, xalq artistinin həmin erməni sənətçi ilə ilk yazışmaları deyilmiş.


Sən demə, bundan əvvəl də Brilliant Dadaşova erməni ifaçısının statuslarını bəyənib, qısaca da olsa şərhlər bildirib, paylaşımların altına əl və ürək işarələri düzüb. Sənətçinin bu davranışı həm sosial şəbəkə istifadəçilərinin, həm də ictimaiyyət nümayəndələrinin qəzəbinə tuş gəlib. Əksəriyyət bir neçə gün bundan əvvəl erməni mərmisi ilə dünyasını dəyişən 2 yaşlı Zəhra və onun nənəsi üçün heç nə yazmayan və heç nə paylaşmayan, lakin erməni ifaçısını bəyənən xalq artistinin adına utanc olduğunu qeyd edib.


Məsələ ilə bağlı müğənninin mövqeyini öyrənmək mümkün olmayıb. Belə ki, o, telefon zənglərinə cavab vermir. Sosial şəbəkədə isə heç nə olmamış kimi məşhur “A ya jivu krasivaya kak ya xoçu” mahnısını paylaşıb.


Bununla belə, az sonra bəlli olub ki, müğənni mətbuatda dərc edilən yazıların ardınca erməni ifaçısının paylaşımlarına yazdığı şərhləri silib. Eyni zamanda “İnstagram”dakı “brilliant_dadashova” adını dəyişərək “brilliant_dadashova_official” edib. Sənətçi həmin şərhləri istifadə etdiyi profildən yazmadığını göstərməyə çalışıb. Bundan sonra erməni ifaçısı Varujan da sosial şəbəkədə profilini bağlı edib. Şahbazyanın B.Dadaşovanın istəyi ilə bu cür addım atdığı ehtimal olunur. Varujan B.Dadaşovanı izləyənləri siyahısından da çıxarıb.


Onu da qeyd edək ki, ictimaiyyətdə xalq artistini tənqid edənlərlə yanaşı, ona dəstək olanlar da tapılıb. Bəziləri müharibənin sənətə, mədəniyyətə aidiyyəti olmadığını əsas gətirərək, onu qınayanların özünü tənqid ediblər.


Əməkdar artist Baloğlan Əşrəfov “Yeni Müsavat”a açıqlama verərək qeyd etdi ki, sənəti heç nəyə qarışdırmaq olmaz: “Amma o millətin ki insanları mənim ana-bacılarıma, körpələrimə aman vermir, onları gülləbaran edir, onların sənəti mənim üçün nəinki maraqlıdır, o millətdə adam tanımaq istəmirəm - hətta dünyada çox məşhur olsa belə. Bəlkə də məni bu sözlərimə görə qınayacaqlar, lakin tərifləyə bilmərəm. Mənim dayım oğlu gənc yaşında müharibəyə getdi, ermənilər onu öldürdü. Onun adına kənddə məktəbimiz də var. Bunları görə-görə necə tərifləyə bilərəm?”


Sənətçi ermənilərlə dostluq edən həmkarları haqda danışmaq istəmədiyini bildirib: “Onlar mənim hörmət etdiyim müğənnilər, çoxu sevdiyim insanlardır. O haqda heç danışmaq istəmirəm”.


Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilov isə qeyd etdi ki, erməni qarmon ifaçıları daim Azərbaycan musiqisindən və musiqiçilərindən bəhrələnib: “Azərbaycan musiqisi bütövlükdə erməni xalqı üçün dərman kimi olub. Onlar bizim musiqilərimizdən bəhrələniblər. Hətta sovet dövründə bir erməni İrəvandan yanıma gəlmişdi ki, ona qarmon ifaçılığını öyrədim. Amma öyrətmədim, bir qədər yol göstərdim, o da getdi. Yəni onlar qarmon ifaçılığını bizdən öyrəniblər. İstər muğam, istərsə də digər rəqslərimizi öyrənib sonra da ifa edirlər”.


QAT sədri Akif Nağı isə müharibənin sənətə, mədəniyyətə aidiyyəti olmaması ilə bağlı fikirlərlə razılaşmadığını bildirdi: “Onda hər kəs öz yaxasını kənara çəkəcək, siyasətçilər, QHT nümayəndələri, sənətçilər deyəcək ki, bu məsələ bizə aid deyil. Bu, nə deməkdir?! Cəmiyyətdə istənilən sahənin nümayəndəsi Azərbaycan vətəndaşıdır. Deməli, Qarabağla bağlı ancaq müəyyən təşkilatlar ortaya çıxıb etiraz etməlidir? Bu nə mövqedir?”


Akif Nağı qeyd etdi ki, xalq artisti Brilliant Dadaşova qalmaqala aydınlıq gətirməlidir: “Onlar bu cür işlərlə gizlincə məşğul olurlar. Zaman-zaman ortaya çıxanda özlərinə bəraət qazandırmağa çalışırlar. Qətiyyən yol verilməzdir! Xüsusən də 2 yaşlı körpənin qətlə yetirildiyi bir vaxtda. Belə bir məqamda erməni sənətçisi ilə yazışmaq, bir-birilərinə ”sevgi" nümayiş etdirmək Azərbaycan vətəndaşına yaraşmayan hərəkətdir. Ermənilərin törətdikləri bütün vəhşiliklər heç vaxt unudulmamalıdır. Ermənilər torpaqlarımızdan rədd olub getməlidirlər ki, biz düşünək ki, onları bağışlamaq olar, ya yox. Yoxsa ki, torpaqlarımız işğal altındadır, üstəlik, özlərini heç günahkar saymır, bizimkilər də onlarla iş birliyi, xoş münasibət qururlar. Tamamilə biabırçılıq, rüsvayçılıqdır. Və cəmiyyət tərəfindən bu cür olaylar birmənalı şəkildə qınanılmalıdır".


Qeyd edək ki, ictimaiyyətdə bu cür olay ilk dəfə deyil. İki il bundan əvvəl xalq artisti Flora Kərimova da bu cür qalmaqal yaşamışdı. Müğənni Bakı ermənisi olan Boka (əsl adı Arkadyeviç Davidyandır) haqda xoş sözlər dediyi üçün tənqidlərlə üzləşmişdi. Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın erməni həmkarı Georgi Kota qarşı açıq-aşkar, çəkinmədən nümayiş etdirdiyi sevgisi uzun müddət müzakirələrə səbəb olmuşdu.
Maraqlıdır, topraqlarımızın işğal altda qaldığı, müharibə şəraitində yaşadığımız bir dövrdə düşmənlə təmas qurmaq, onunla dostluq münasibətində olmaq nə dərəcədə doğrudur?


Psixoloq Azad İsazadə məsələyə bu cür münasibət bildirdi: “Ümumiyyətlə, ictimaiyyətdə bir düşmən obrazı var. İstər bizdə, istəsə də qarşı tərəfdə. Bizdə düşmən obrazı ermənidir. Bu, mühüm bir problemdir və onu hansısa şəkildə prinsipial olaraq həll etməliyik. Aydındır ki, nə vaxtsa, bəlkə də yaxın gələcəkdə bu düşmən obrazı ortadan götürmək lazım olacaq. Çünki istər-istəməz Ermənistan qonşu dövlətdir. Beləliklə, ya düşmən obrazını azaltmaq, ya da aradan götürmək lazımdır. Bu məsələ sözsüz ki, dövlət səviyyəsində həll olunmalıdır. Başa düşülür ki, nə vaxtsa biz psixoloqlar, sosioloqlar, o cümlədən mədəniyyət xadimləri bu düşmən obrazının üzərində işləyib ya onu silməli, ya da ki, şişirtməliyik. Son 20-30 ildə bu düşmən obrazı bizdə çoxalıb. Əgər nə vaxtsa bu obrazı ortadan götürəcəyiksə, onda yavaş-yavaş onu ortadan qaldırmalıyıq. Ermənilər üçün türk düşmən obrazı 100 ildən artıqdır ki, var. Və onlar bu obrazla yaşayırlar. Buna baxmayaraq, ermənilər Türkiyəyə gedir, orda istirahət edir və ya biznes əlaqələri qururlar. Siyasətçilər cürbəcür sülh platformaları yaradırlar. Bəzən Azərbaycan rəsmi olaraq o platformaları dəstəkləyir. Yəqin ki, burda da məsələni birmənalı həll etməməliyik”.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *