Başqasının adına SİM kartı olanlara qadağa qoyulacaq
“SİM kartların başqasına verilməsinə qadağa qoyulacaq”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, yeni qanun müəyyən problemlər yarada bilər:
“Ailələrin əksəriyyətində uşaqların, həmçinin xeyli sayda yaşlı sakinin işlətdikləri nömrələr, bir sıra hüquqi şəxslərə aid nömrələr tamamilə başqa şəxslərin adına sənədləşdirilib.
Əgər qanun layihəsi son dövrlərin təcrübəsinə əsaslanaraq heç bir ictimai müzakirə olmadan bu formada qəbul olacaqsa, deməli, buna uyğun da yeni cərimələr qaçılmaz olacaq.
Ümumiyyətlə, texnologiyaların indiki inkişaf mərhələsində təhlükəsizliyin təmin edilməsi məqsədilə mobil nömrələrə qarşı bu cür sərt yanaşmanın elə də effektiv olacağını düşünmürəm”.
Qeyd edək ki, Milli Məclisdə “Telekommunikasiya haqqında” qanuna əlavə və dəyişikliklər təklif edilib.
Belə ki, yeni dəyişikliyə görə, SİM kartların başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulacaq.
Mənbə:> Oxu.Az