DİM imtahanlardan nə qədər qazanacaq?
Tarif Şurası Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin, yəni imtahanların yeni qiymətlərini elan edib.
Aznews.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu qiymətlər ictimaiyyət arasında narazılığa səbəb olub.
Təhsil ekspertləri də bu cür qiymətlərin onlar üçün gözlənilməz olduğunu qeyd ediblər. Bir daha xatırlatsaq, 20 manat olan imtahan qiyməti ƏDV ilə 23,6 AZN, 40 manat olan imtahan qiyməti ƏDV ilə 47,2 AZN, 50 manat olan imtahan qiyməti ƏDV ilə 59 AZN, 60 manat olan imtahan qiyməti ƏDV ilə 70,8 AZN,100 manat olan imtahan qiyməti ƏDV ilə 118 AZN-dir.
“Qafqazinfo” bu məqamda Dövlət İmtahan Mərkəzinin yeni elan olunmuş qiymətlərə əsasən, bu il keçiriləcək imtahanlardan əldə edəcəyi məbləği araşdırıb. Araşdırma rəqəmləri isə ötən il sözügedən imtahanlarda iştirak edən abituriyentlərin sayı əsasında aparılıb.
Belə ki, ötən il orta ixtisas məktəblərinə qəbul olmaq üçün sənəd təqdim edənlərin sayı 9 illikdə 25 min nəfər olub. 11 illikdən orta ixtisas məktəblərinə imtahan verənlərin sayı 50 min 324, ali təhsil müəssisələrinə imtahan verənlərin sayı 82 min 866, magistr pilləsinə qəbul olmaq istəyən bakalavrların sayı 24 min 558, rezidenturaya qəbul olmaq üçün sənəd təqdim edən şəxslərin say 1500 nəfər olub.
Rus bölməsinin abituriyentlərinin Azərbaycan dilindən imtahan verənlərinin sayı 7 min 909-dur. Xüsusi qabiliyyət tələb edən ixtisaslara 35 min abituriyent imtahan verib.
Beləliklə, indi açıqlanan imtahan qiymətləri ilə ötən il imtahan verən abituriyentlərin sayını hesablayıb müvafiq vurma və toplama əməli nəticəsində məlum olur ki, Dövlət İmtahan Mərkəzi ( TQDK) bu il təxminən 11 milyon 467 min 369 manat vəsait qazanmış olacaq.
Əlavə olaraq, magistr və rezidenturanın ikinci mərhələlərində iştirak edəcək abituriyentlərin sayını nəzərə alsaq, gəlirin 15 milyona yaxın olacağı istisna deyil.
Mənbə:> Qafqazinfo.az