Əmzik uşaqlarda anomaliyalara səbəb olur
Son illər azyaşlılar arasında diş xəstəliklərindən əsasən kariyes boşluğu və selikli qişada müəyyən somatitlər yayılıb. Bu isə dişlərə düzgün qulluq göstərilməməsi ilə bağlıdır.
Virtualaz.org saytı xəbər verir ki, bunu Respublika Uşaq Stomatoloji Mərkəzinin baş həkimi Azər Əliyev keçirdiyi mətbuat konfransında deyib.
Baş həkim bildirib ki, mərkəzə müraciətlərin əksəriyyəti müalicə və cərrahiyyə ilə bağlı olub. “Uşaqlarda anomaliyalar müşahidə edilir və bu, xüsusilə zərərli vərdişlərin nəticəsində yaranır. Uşaqların uzun müddət əmzik, barmaq və ya dilin sovurması, eləcə də tənəffüs sisteminin pozulması sonradan çənədə müəyyən problemlərin yaranmasına səbəb olur. Süd dişlərinin vaxtında müalicə edilməməsi və vaxtından tez çəkilməsi sonradan diş əyriliyinə səbəb olur. Süd dişi vaxtından tez çəkildikdə, çəkilən dişin yanındakı sağlam dişə də zərər vurur, diş mayasını zədələyir, nəticədə dişin toxuması bərkiyir. Ona görə də daimi diş çıxdıqda, həmin yerdən deyil, kənardan əyri çıxır”, - A.Əliyev söyləyib.
Tədbirdə o da deyilib ki, Respublika Uşaq Stomatoloji Mərkəzi 2015-ci ilin dekabrında əsaslı təmirə dayandırılıb, ötən ilin iyulunda yenidən istifadəyə verilib. Həmin vaxtdan bu günə kimi mərkəzə 32108 nəfər müraciət edib. Onlardan 13251 nəfər müalicəyə cəlb edilib. Hazırda gün ərzində mərkəzdə təxminən 130-a yaxın uşaq müayinə və müalicə ala bilir.
Baş həkim diş problemləri olan uşaqların müayinə və müalicəsi üçün məhz uşaq mütəxəssislərinə göstərilməsini tövsiyə edib. “Bəzən dişlər vaxtından tez çəkilir və ya doğru tövsiyələr verilmir. Buna görə də profilaktik müayinələr və mütəxəssisə müraciət edilməsi məsləhətdir. Həmçinin uşaqlara dişlərə düzgün qulluq edilməsi vərdişi aşılanmalıdır.
Mənbə:> Virtualaz.org