Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişdirilir
Təhsil Nazirliyi ali məktəblərə qəbul olan tələbələrin sayının artırılmasına dair təklifləri hazırlayaraq hökumətə təqdim edib.
Aznews.info APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov deyib ki, ali təhsil müəssisələrində tələbələrin sayı getdikcə artacaq.
Onun sözlərinə görə, Təhsil Nazirliyinə ali təhsil müəssisələri tərəfindən edilən müraciətlər əsasında bu il ali təhsil sistemində hazırlıq ilinin tətbiqi şərti ilə ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə dair, yəni, qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər hökumətə təqdim olunub.
Nazir qeyd edib ki, hazırda həmin təklifə hökumətdə baxılır: “Bu dəyişiklik qəbul olunsa, ölkədə ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr təhsillərinə dərhal başlaya biləcəklər. Zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meylli olan və ali təhsil almaq istəyən tələbələr bir sıra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə yiyələnə biləcəklər”.
Mənbə:> APA