Bir sıra məcburi köçkün vahid aylıq müavinətdən imtina etdi
İndiyə qədər 300-dən çox məcburi köçkün aylıq müavinətdən könüllü olaraq imtina edib.
Aznews.info xəbər verir ki, bu barədə “Report”a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli fərmanı məcburi köçkünlər tərəfindən onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti uğurlu addım kimi yüksək qiymətləndirilir:
“Bununla bağlı kütləvi informasiya vasitələrində gedən müzakirələr, səslənən fikirlər, Qaçqınkoma edilən çoxsaylı yazılı və şifahi müraciətlər də bunu bir daha təsdiqləyir.
Dövlət Komitəsinə müraciət etmiş bəzi məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını bildirib.
Onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini qeyd ediblər və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, həmçinin aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif edirlər”.
Məlumata görə, həmin 300 ərizə əraziləri işğal olunan 10 rayondan daxil olub.
Mənbə:> Report.az