Bütün təhsil müəssisələri vahid platformada birləşdiriləcək
Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrini vahid sistemdə birləşdirəcək “Unibook” platforması yaradılacaq.
Aznews.info Report-a istinadən xəbər verir ki, layihəni icra edəcək şirkətin nümayəndəsi İsmayıl Ələkbərov bildirib ki, hazırda ölkədə bəzi universitetlərdə “Unibook” artıq tətbiq olunur, lakin şirkət bu platformanı kütləvi formaya çatdıracaq və vahid sistem yaradacaq.
“Unibook”la tələbə və müəllimlərin vahid məlumat bazası, elektron jurnallar, dərsə davamiyyət, imtahanların elektron şəkildə şəffaf keçirilməsi, qiymətəndirmənin aparılması, hesabatlılıq sistemi, statistik məlumatların götürülməsi və emalı, çatdırılması, elektronlaşdırılması və s. nəzərdə tutulub.
"Əslində, bu sistem çox az ölkədə tətbiq edilib. “Unibook” sisteminin tətbiqi ilə bağlı MDB və Avropanın bəzi ölkələrində paralellər həyata keçiririk. Bir sıra Avropa ölkələri bu sistemə maraq göstərir. Məsələn, Macarıstanda dövlət təhsil sistemi bu şəkildə qurulub. Onlarda analoji sistem var, lakin mövcud texnologiyaları köhnədir.
Bu texnologiya daim yenilənməlidir. Hazırda irəli sürdüyümüz texnoloji platforma mütərəqqi texnologiyadır. O, həm sürətli, həm məlumatların çevik emalı, həm də əlçatarlılıq baxımından üstünlük əldə edir. Bu sistemin artıq növbəti ildən tətbiq edilməsinə hazırlaşırıq”, - deyə İ.Ələkbərov qeyd edib.
Mənbə:> Report.az