Deputat: O məmurlara güzəştə getmək olmaz
Dünyanın bir çox ölkələrində vəzifələrindən sui-istifadə edən məmurlara rast gəlinir. Bir sıra ölkələrdə həmin məmurlara qarşı daha sərt cəza tədbirləri görülür. Əlləri kəsilir və ya ölüm hökmü ilə cəzalandırılır. Zaman-zaman Azərbaycanda da vəzifəsindən sui-istifadə edən məmurlara rast gəlinir.
Bu kimi hallara yol verən məmurlara qarşı Azərbaycanda qanunlar daha da sərtləşdirilə bilərmi?
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin hüquqşünas üzvü Çingiz Qənizadə Modern.az-a açıqlama verib.
Deputat qanun pozuntusuna yol verən məmur və sıravi vətəndaşın qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıdığını bildirib.
“Bizdə cəzanın başqa tərəfi də var - əsas və əlavə cəza anlayışı. Çünki vəzifəli şəxslər cinayət törətdikdə, onların vəzifə tutmaq hüququndan məhrum edilməsi ilə bağlı əsas cəza kimi digər cəza növləri də tətbiq olunur. Məncə, məmuru vəzifəsindən kənarlaşdırıb sıravi vətəndaşlar sırasına göndərmək ən ağır cəzalardan biridir”.
Ç.Qənizadə deyib ki, məmurların cinayət törətməsi cəmiyyətdə birmənalı qarşılanmır:
“Daha aqressiv və pis qarşılanır. Çünki onlar dövlət idarəçiliyində olan şəxslərdir. Dövlətin idarəçiliyi onlara həvalə olunursa, təbii ki, həmin məmurlar da vəzifələrindən sui-istifadə etdikdə aşağı təbəqə onları çox pis qarşılayır.
Ona görə də, mən arzu edərdim ki, vəzifədə olan məmurlarımız tərəfindən qanunlarımız heç vaxt pozulmasın. Mən bir hüquqşünas kimi həmişə demişəm ki, nə qədər ki insan faktoru var, qanun da pozulacaq. Çünki məmur da vətəndaşdır”.
Millət vəkili həmçinin qeyd edib ki, məmurların cinayət törətməsi hallarına müəyyən qədər dözümlülük olmamalıdır.
“Yəni, onlara güzəştə getmək, vaxt vermək və yaxud da törədilmiş əmələ görə hansısa laqeydlik nümayiş etdirmək olmaz. Çünki dövlətin gələcəyi və idarəçiliyi məmurların normal və sağlam idarəçiliyi ilə bağlıdır.
Mən hesab edirəm ki, başqalarından fərqli olaraq, vəzifələrindən sui-istifadə edən məmurlar dərhal cəzalandırılmalıdırlar. Onlara qarşı laqeydlik və cəzasızlıq prinsipinin hökm sürülməsinə icazə verilməməlidir. Bu başqa məmurlara da dərs ola bilər. Həm də bundan örnək götürə bilərlər. Cəmiyyət isə daha yuxarı orqanlar və vəzifəli şəxslər tərəfindən tətbiq edilən bu cür ədalətli yanaşmanı alqışlaya bilər”.
Mənbə:> Oxu.Az