Bakı polisi saunalarda əməliyyat keçirib
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları sosial şəbəkələrdə müştərilərə əxlaqsız təkliflər edərək onları sauna və kafelərə dəvət edən və həmin obyektlərdə hədə-qorxu gələrək pul və qiymətli əşyalarını tələb edən şəxslərə qarşı xüsusi əməliyyat keçirib.
Aznews.info xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, paytaxtın Nəsimi və Səbail rayonlarında yerləşən “Malibu”, “Night”, Xətai rayonu Babək prospektində və Binəqədi rayonunda yerləşən bu tipli obyektlərdə keçirilən əməliyyat zamanı 10-a yaxın şəxs saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin obyektlərdə olan qadınlar sosial şəbəkələrdə qeydiyyatdan keçərək kişilərlə tanış olub və onları əxlaqsız təkliflərlə oturduqları məkanlara dəvət ediblər. Ora gələn müştərilərə isə müxtəlif spirtli və ya spirtsiz içkilər baha qiymətə satılıb (bir stəkanı 120-300 manata). Hesabdan narazı olan müştərilər isə obyektdəki şəxslər tərəfindən hədələnib, onların pul və qiymətli əşyaları ələ keçirilib.
Faktla bağlı saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Mənbə:> Report.az