"Medera Hospital": Bizdə elə işçi yoxdur » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

"Medera Hospital": Bizdə elə işçi yoxdur

"Medera Hospital": Bizdə elə işçi yoxdur


Milli Televiziya və Radio Şurası (MTRŞ) teleaparıcı Xoşqədəm Hidayətqızının vaxtilə ATV-də yayımlanan "Səni axtarıram" verilişi ilə bağlı qalmaqala münasibət bildirib.

MTRŞ-nın sədr müavini Qafar Cəbiyev "azvizion.az"-a deyib ki, MTRŞ efirdə getməyən materiallara cavabdeh deyil:

"Orada efirdə getməyən məqamlar qeyd olunur. Milli Televiziya və Radio Şurası efirə cavabdehdir. Efirdə getməyən materiallar bizlik deyil. Biz Milli Televiziya və Radio Şurası olaraq efirin monitorinqini aparırıq, efirlə bağlı siyasəti müəyyən edirik. Bunlar efirdə baş verməyən şeylərdir və efirə aidiyyatı yoxdur".

"Bu hadisə şirkətin imicinə yönələn qərəzdir"

"Azad Azərbaycan" teleşirkəti də kadrarxası görüntülərin yayılmasına rəsmi münasibət bildirib.

Şirkətin yaydığı məlumatda qeyd olunub ki,"Azad Azərbaycan" Teleradio Yayım Şirkəti hər zaman ictimai və dövlət maraqlarını üstün tutan yayım siyasəti yürüdüb və bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək:

"İctimaiyyəti məlumatlandırmaq üçün nəzərinizə çatdırırıq ki, 2014-cü ilin aprel ayından etibarən ATV kanalında yayımı dayandırılan və heyəti kanaldan qalmaqallı şəkildə ayrılan "Səni axtarıram" verilişi ətrafında ortaya çıxan növbəti qalmaqalda "Azad Azərbaycan" Teleradio Yayım Kompaniyasının heç bir rolu yoxdur. Bu hadisə növbəti dəfə şirkətin imicinə yönələn qərəzli qaralama kampaniyasından başqa bir şey deyil. Bunu nəzərə alaraq bəzi məqamları yenidən xatırlatmaq məcburiyyətindəyik.

Qeyd edək ki, adı çəkilən verilişin yayımının dayandırılma səbəbi məhz müəyyən müəmmalı məqamların ATV rəhbərliyi tərəfindən dəfələrlə hiss edilməsi olub. Bu qüsurlarla bağlı verilişin aparıcısına və yaradıcı heyətə dəfələrlə xəbərdarlıq edilib. Bütün bunlara baxmayaraq, yaradıcılıq prosesindəki nöqsanların getdikcə çoxaldığı, həmçinin konkret saxtakarlıqların olduğu dəqiqləşdirildikdən sonra verilişin yayımının dayandırılmasına qərar verilib. Daha sonra verilişin hazırlanmasında iştirak edən bütün heyət kanaldan xaric edilib. Xoşqədəm Hidayətqızı mətbuatda ATV-ni ittiham edən böhtanlarla çıxış etdikdə isə kanal rəhbərliyi verilişin bağlanmasının əsl səbəbləri ilə bağlı materialları müvafiq dövlət qurumlarına və həmçinin konkret yetkili şəxslərə təqdim edib. Qeyd edək ki, həmin materialların içərisində hazırda yayılan kadrarxası görüntülər də olub. Bütün bunları nəzərə alaraq, ictimaiyyətin diqqətinə çatdırırıq ki, tamaşaçının aldadılması üzərində qurulan bu verilişin yayımlanmasında maraqlı olmayan ATV kanalı, sözügedən verilişin ən reytinqli vaxtında verilişin yayımını radikal qərarlarla dayandırdı və daha sonra da bərpa etmədi. Bununla da icitimayyətin aldadılması üzərində qurulan layihələri yayımlamaqla reytinq qazanmaqda maraqlı olmadığını ortaya qoydu.

Əks halda adıçəkilən veriliş hazırda ATV kanalında yayımını davam etdirərdi. Bir məqamı da qeyd edək ki, 2014-cü ildən ATV-də yayımlanmayan "Səni Axtarıram" verilişinə rəhbərlik edən şəxslər də o tarixdən etibarən ATV-dən kənarlaşdırılıblar. Səbəb də məhz indi ortaya çıxan xoş olmayan məqamlardır. Bir məqamıda vurğulasaq tam yerinə düşər. ATV kanalının hər zaman bir siması olub. Heç bir siyasi intriqalarda iştirak etməyib. Ən əsası isə bəziləri kimi siyasi əqidəsizliyi özünə həyat tərzi seçməyib. Heç vaxt bir budaqdan digərinə tullanmayıb. Və bundan sonra da öz dəyərlərinə sadiq qalmaqda qərarlıdır. İstənilən provakasiya və sabotajlara baxmayaraq".

"Ekspertlər deyir ki..."

"Kulis.az" teleradio üzrə mütəxəssislərin rəyini öyrənib.

Qulu Məhərrəmli: "Heç vaxt o verilişə baxmamışam. Nadir hallarda ancaq. Həmişə "dermantin" təsiri bağışlayıb mənə. Axıdılan göz yaşları, kədərli anlar... O verilişin teatrlaşdığı dərhal bilinirdi. Tragikomediyadır bu. O görüntülərə də baxdım. Ürəyim ağrıyır. İnsanların yaşantıları, hisləri ilə oynamaq olmaz, qətiyyən olmaz. Bu cür proqramlar bir az dramaturgiya, bir az televizordan başı çıxan, bəsirət gözü açıq, hissiyyatı olan adamlar üçün tamamilə nəyə xidmət etdiyi aydındır. Bu cür proqramlar kifayət qədərdir. Belə proqramların yerinə mədəniyyət verilişləri, teatr verilişləri, poeziya dəqiqələri verilişləri olmalıdır... Bunlar gəlib başqasının yerində oturublar. Bileti əldə olan biz, ancaq bizim yerimizdə oturan onlar. Ədəbiyyat, sənət verilişlərinə baxılmır. Üç dəfə, beş dəfə baxandan sonra hamı alışacaq. Efirlə bağlı çox ciddi islahatlar getməlidir. Səviyyə ilə bağlı məsələ ayrıdır. Bunlar insanların hisləri ilə oynayırlar. Bir dəfə Habil Əliyevi verilişə çağırıblar, sənətkar itkin adamları görəndə ürəyinin ağrıdığını deyib. Bu rüsvayçılıqdır, biabırçılıqdır".

Elçin Əlibəyli: "Mən düşünürəm ki, bu tip verilişlərə insanların hissləri ilə oynamaq kimi baxmayaq. Hər bir veriliş istəyər ki, onun dramatik fabulası olsun. Hər hansı bir layihənin maraqlı olması bir başa bizim peşə ilə əlaqəlidir. Dramaturji xəttin olması ona maraq qatır. İstər Rusiyada, istər də dünyanın digər televiziyalarında bu cür verilişlərin olması normaldır. Verilişin maraqlı olması üçün aparıcının, redaktorun fikri və istiqamətləndirməsi olmalıdır. Burda fövqəladə bir şey yoxdur. Ancaq istəməzdim ki, bu verilişlərin mətbəxi ortaya çıxsın. Təəssüf edirəm buna. Lakin hesab edirəm ki, burda cinayət yoxdur. Biz deyirik ki, bu cür verilişlər olmasın. Gülmək olmaz, müğənnilər olmaz... Razıyam, yığışdırdıq. Ziyalılar, siyasət adamları, deputatlar verilişlərə gəlmirlər. Neyləsin televiziya? Bədii film göstərsin? Kinoteatr olsun? İndi televiziya 24 saat göstərilir. Əvvəl 12 saat idi. Hazırda dövrün tələbi tamam başqadır. Televiziyanı kommersiya marağında ittiham edirlər. Televiziya kommersiya məqsədi güdməlidir. Onda gəlin özəl televiziya anlayışını yığışdıraq və televiziyalar dövlət dotasiyası alsın. Rəqabət də olmasın. Televiziya böyüdücü şüşədir, güzgü deyil. Problemləri böyüdüb göstərməkdir bizim işimiz. Və bu cür verilişlərin olması qaçılmazdır".

Zeynal Məmmədli: "O tip verilişlərdə səhnələşdirilmədən istifadə edilir. Bununla razıyam. Önəmli olan böyük reytinq qazanmaqdır burda. Əsas odur ki, insanlar problemlərini dilə gətiriblər. Səhnələşdirmələr, uydurmalar, qıcıqlandırmalar var. Bu normaldır. Dramatizm yaranır, diqqət doğurur, reytinq göylərə qalxır. Bütün bunları Xoşqədəmə yönəltmək beldən aşağı zərbə vurmaqdır. Beldən aşağı zərbə vurmaq lazım deyil. Zərbəni çirkaba vurmaq lazımdır. Biz televiziyaların mətbəxinə getməliyik, ictimai maraq üçün bunu etməliyik. Orda verilişlər necə hazırlanır, doğurdan da cəmiyyətə faydalı işlər görülürmü? Azərbaycan cəmiyyətində nələr baş verir... Məişətindən tutmuş başqa məsələlərə qədər. Mən bir başa qaralamağın əleyhinəyəm. Düzdü, Xoşqədəmin görüntüləri çirkab əlamətidir. Ancaq əsas məsələ çirkabın özüdür".

"O həkimin səsləndirdiyi sözdən başqa günahı yoxdur"

Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramlı Cebhe.info-ya açıqlamasında deyib ki, nazirlik həmin həkimdən xəbərsizdir: "O həkim "Medera Hospital"ın həkimidir. Səhv etmirəmsə, oranın baş həkimi Firəngiz xanımdır. Siz onunla əlaqə saxlayın. Ora özəl klinikadır. Həmin məsələ ilə bağlı bizə heç kim müraciət etməyib. O həkimin isə səsləndirdiyi sözdən başqa günahı yoxdur. Amma bilmirəm ki, hansı sahə üzrə həkimdir. Sadəcə bildiyim odur ki, həkim özəl klinikada çalışır".

"Medera Hospital"ın baş həkimi Firəngiz Məhərrəmova isə Meydan TV-yə bildirib ki, bütün kanallarlda sponsorluq edir, amma ambulans xidməti göstərmir: "Bizdə də elə işçi yoxdur".

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *