Dələduzluğun qurbanı olmuş satıcıdan şikayət
Dələduzluqla üzləşən Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Elnur Ağayev yenidən AzNews.info-nun redaksiyasına müraciət ünvanlayıb.
Onun sözlərinə görə, Moskva Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Zaur Məmmədov onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb: “Hazırda Zaur Məmmədov 6 aydır ki, digər bir cinayət əməlinə görə Pentensiar Xidmətin 5 saylı cəza çəkmə müəssisəsində cəza çəkir”.
Elnur Ağayev qeyd edib ki, sonuncu dəfə ona qarşı dələduzluq edən şəxsin barəsində tədbir görülməsi üçün ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.
Elnur Ağayevin sözlərinə görə, bundan əlavə digər müvafiq qurumlara da dələduzluqla üzləşməsi və ona dəymiş ziyanın ödənilməməsi barədə müraciət edib: “Bu müraciətlərimdən sonra borclunun Embawoodda yüksək vəzifə sahibi olan digər qardaşı İlqar Məmmədov qardaşının mənə olan 3700 dollar borcundan 370 dollarını geri qaytarıb. Ödənilən pul da çox az rəqəmdir. Buna görə də yenə də şikayətçiyəm. Yerdə qalan borcu istəyirəm. Çünki borclu Zaur Məmmədov 14 aprel 2016-ci il tarixdən digər bir cinayət əməlinə görə 1 il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ilin aprelin 14-də həbsdən azad olunacaq”.
Mənbə:> AzNews.info