Xalq artisti vəfat etdi
Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Oqtay Zülfüqarov vəfat edib
AzNews.info Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, professor Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il avqust ayının 31-də ömrünün 87-ci ilində vəfat etmişdir. Görkəmli bəstəkarla vida mərasimi bugün saat 13:00-da Təzəpir Məscidində keçiriləcək. Oqtay Zülfüqarov İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakıda anadan olmuşdur. O, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmiş, dahi Azərbaycan bəstəkarı, professor Qara Qarayevin tələbəsi olmuşdur.
Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, simfonik, instrumental və kamera əsərləri yaratmış, həm kino, həm teatr sənətinə layiqli töhvəsini vermişdir. Onun iki simfoniyası, violonçel, fleyta və simfonik orkestr üçün konsertləri, “Şənlən mənim xalqım” uvertürası, “Qız ulduz” “Pişik və sərçə” nağıl-operaları, “Sehrli alma ” uşaq baleti, simli kvartetləri, fortepiano triosu, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur. Bəstəkar yaradıcılığının böyük bir qismini uşaqlara həsr etmişdir. Onun uzun illər ərzində yazdığı “Oxuyur Aysel” silsiləsi, “Telefon”, “Qatar”, “Ovçu”, “Gəlinciyim”, “Kim sevirsə idmanı?”, “Məstanım” və başqa mahnıları bir neçə nəsil uşaqların dillər əzbəri olmuşdur. Görkəmli sənətkarın gənc nəslin yetişdirilməsində xidmətləri danılmazdır.
20 ildən çox bir müddət ərzində o, Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi səmərəli iş aparmışdır.
Oqtay Zülfüqarov 1972-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına, 2009-cu ildə “Şöhrət” ordeninə layiq görülmüşdür. O, Prezident təqaüdçüsü idi.
Görkəmli sənətkar, gözəl insan Oqtay Zülfüqarovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində əbədi yaşayacaqdır.
AzNews.info xalq artisti Oqtay Zülfüqarovun vaxtsız vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin !
Mənbə:> AzNews.info