Azərbaycan kapital ixracına görə MDB-də üçüncü olub
Ölkənin Gürcüstanda əsas kapital qoyuluşu nəqliyyat infrastrukturuna edilib.
Azərbaycan 2015-ci il yekunlarına əsasən postsovet məkanında yer alan ölkələrin qarşılıqlı kapital ixracına görə, Rusiya və Qazaxıstandan sonra 2,1 mlrd. ABŞ dolları ilə 3-cü sırada yer alıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti Avrasiya İnkişaf Bankının İnteqrasiya araşdırmaları Mərkəzinin tədqiqatlarına istinadən məlumat yayıb.
Tədqiqatda bildirilir ki, Azərbaycanın kapital qoyuluşunda əsas ölkələr Gürcüstan (88%) və Ukrayna (8,4%) yer alıb. Azərbaycanın Gürcüstanda əsas kapital qoyuluşu nəqliyyat infrastrukturuna edilib. MDB ölkələri arasında qarşılıqlı kapital ixracına görə, ilk sırada yer alan Rusiya 2015-ci ilin yekunlarına əsasən 33,52 mlrd. dollar, Qazaxıstan isə 4,9 mlrd. dollar investisiya qoyub.
Sənəddə, həmçinin qeyd olunub ki, MDB ölkələri ilə Gürcüstan arasında qarşılıqlı birbaşa investisiyaların həcmi 2015-ci ilin yekununda 2014-cü ilin yekunu ilə müqayisədə 2,2 mlrd. dollar və ya 4,9% azalaraq 42,3 mlrd. dollar təşkil edib.
Xatırladaq ki, bu göstərici Rusiya Mərkəzi Bankının investisiyalar üzrə göstəricisindən fərqli olaraq ofşor hesablardan kapital axınını da özündə əks etdirir. İnteqrasiya araşdırmaları Mərkəzinin hesabatına görə, qarşılıqlı investisiyaların pik həddi 2012-ci ilə təsadüf edib və 57,2 mlrd. ABŞ dolları təşkil edib. Rusiyanın məcmu investisiyalarda payı 2012-ci ildəki 82,6%-dən 2015-ci ildə 80%-ə geriləyib.
Rusiyanın kapital qoyuluşunda isə ilk sırada 8,3 mlrd. dollarla Belarus, ikinci mövqedə isə 7,1 mlrd. dollarla Qazaxıstan yer alıb. Rusiya 2015-ci ildə Ermənistana 3 mlrd. dollar, Qırğızıstana 0,8 mlrd. dollar sərmayə yatırıb. Rusiyanın Ukraynaya investisiyaları 2014-cü ildə 49%, 2015-ci ildə isə illik müqayisədə 5,4% azalaraq 8,2 mlrd. dollara geriləyib.
İnvestisiya qoyuluşunda 42,6%-lə Avrasiya İqtisadi İttifaqı ölkələri arasında yanacaq-energetika sahəsi ilk sırada yer alıb, əlvan metallurgiya isə 12%-lə ikinci olub. Onları 8,8%-lə nəqliyyat , 6,5%-lə aqrar sənaye sektoru izləyir.
Mənbə:> Oxu.az