Yolların təmiri üçün robot
Rusiyanın Tomsk Politexnik Universitetinin tələbəsi Vsevold Raçis yol örtüyünün kiçik təmiri üçün robot layihəsi hazırlayıb.
“Qafqazinfo” ictnews.az-a istinadən xəbər verir ki, V.Raçis Tomsk Universitetinin digər tələbələri ilə birlikdə layihə üzərində üç ay çalışıb. Tələbələrin sözlərinə görə, robot avtomobil yol işçisini düzəltmək ideyası onlarda avtomobillə səfər zamanı yaranıb. Yolda təkərlər üzərində hərəkət edən robot kamera vasitəsilə çuxurlar axtarır. Asfalt örtüyünün zədələnməsini aşkar edən qurğu onu ultrasəsli ötürücü ilə skan edir, dərinliyin xəritəsini çəkir, daha sonra çuxuru xüsusi emulsiya ilə doldurur.
Robot prototipi ötən həftə Moskvada keçirilən strateji təşəbbüslər forumunda nümayiş olunub. V.Raçis işlək modeli tələbə həmkarları ilə birlikdə təxminən iki ildən sonra yaratmağı planlaşdırır. Bildirilir ki, robot yollarda avtonom işləyə biləcək. Lakin onun çuxurlara artıq nə isə tökməməsi üçün ilkin mərhələdə iş zamanı insanın iştirakı məsləhət görülür.
Mənbə:> ICTNews.az