Köçkünlər Bakıya toplaşdı
"Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda, Şuşada, Füzulidə dalğalanmasıdır: “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. İnanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik.”
ANS PRESS xəbər verir ki, bu sözləri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı və Sumqayıtda məskunlaşmış füzulidən olan məcburi köçkünlərlə görüşdə deyib.
Bakının Nərimanov rayonunda baş tutan görüşdə Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
O, bayramlar münasibətilə iştirakçıları təbrik edib, onlara bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb, Heydər Əliyevin Dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb, Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini söyləyib.
Görüşdə rayon sakinlərinin müraciət və təklifləri dinlənilib. Məcburi köçkünlər tərəfindən qaldırılan məslələrin həlli mümkün olanlar yerində həllini tapıb, digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülüb aiddiyati üzrə göndərilib.
Məcburi köçkünlər müraciətlərinin həmişə diqqət mərkəzində saxlanıldığı, ən böyük arzularının isə işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması olduğunu deyiblər. Onlar göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Görüş çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış rayondan olan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına və imtiyazlı ailələrə bayram sovqatı paylanılıb.
Xatırladaq ki, hazırda Füzuli rayonundan olan 35 min nəfərə yaxın məcburi köçkün Bakı şəhərində məskunlaşıb.
Mənbə:> ANSPRESS