Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçəcək
Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə “2016 Formula 1 Avropa Qran Prisi” ilə əlaqədar olaraq Bakının mərkəzində yerləşən bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Palatadan Oxu.Az-a bildirilib.
Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı şəhərin mərkəzi hissəsində, xüsusilə trek boyu ərazilərdə və istirahət məkanlarında valyuta dəyişmə xidmətlərinin qeyri-iş günlərində və daha uzun saatlar üzrə təşkil edilməli olduğunu bildirib.
Belə ki, Azərbaycanda ilk dəfə keçiriləcək dünyaca məhşur “Formula 1” yarışlarını izləmək üçün Bakıya gələcək minlərlə əcnəbi qonaqların və şəhərimizin sakinlərinin bank, xüsusən də valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 34 bankın 90 filial və şöbəsi 10-21 iyun tarixlərində səhər saat 9:00-dan axşam 21:00-dək fəaliyyət göstərəcək.
Bundan əlavə qeyd edək ki, “Bank Respublika”-nın Neftçilər pr, 67 ünvanında yerləşən “Ofis 24” filialı və “DəmirBank”-ın Nizami küçəsi 111-də yerləşən “Mərkəz” filialı xarici turistlərin və ölkə vətəndaşlarının istifadəsi üçünşənbə və bazar günləri daxil olmaqla həftə boyu 24 saat fəaliyyət göstərir.
Sədr müvafiq istiqamətdə banklar ilə fəaliyyətin əlaqələndirilməsi, monitorinqlərin təşkili və çevik müdaxilə tədbirləri barədə konkret tapşırıqlar verib.
Mənbə:> Oxu.Az