Vergidən yayınmaq daha da çətinləşir
Vergilər Nazirliyində “Risklərin vahid mərkəzdən idarə edilməsi” alətinin tətbiqinə başlanılıb.
Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib.
Nazirlikdən qeyd edilib ki, bu tədbirlər büdcə daxilolmalarının artırılması, vergi yoxlamalarının keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi, Vergilər Nazirliyinin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrasına səfərbər olunması məqsədilə həyata keçirilir.
Nazirlikdən bildirilib ki, “Risklərin idarə edilməsi” aləti müasir texnologiyalara əsaslanaraq vergidən yayınma hallarını aşkar etməklə onların elektron qaydada idarə olunması, mövcud risklərin daha dəqiq qiymətləndirilməsi və vergi potensialının düzgün dəyərləndirilməsi təmin edir.
“Həmin alət istər elektron, istərsə də digər vasitələrlə aşkar olunmuş hər bir vergidənyayınma halının dəqiqliklə yoxlanılmasına, onun vergi nəzarəti tədbiri baxımından düzgün qiymətləndirilməsinə və aşkar edilmiş hallar üzrə daha səmərəli vergi nəzarəti tədbirinin seçilməsinə imkan verir”, - deyə nazirlikdən qeyd edilib.
Nazirlikdən bildirilib ki, bununla da, vergidən yayınan hər bir vergi ödəyicinin vergi nəzarəti tədbirlərindən kənarda qalması hallarının aradan qaldırılması, habelə heç bir risk meyarına əsaslanmayan vergi nəzarəti tədbirlərinin keçirilməsinin qarşısı alınmış olacaq.
“Vergi nəzarəti tədbirlərinin təyin edilməsi “Risklərin idarə edilməsi” aləti vasitəsilə həyata keçirildiyindən həmin yoxlamalara vahid mərkəzdən nəzarət ediləcək.
Yerli vergi orqanları tərəfindən müvafiq risk meyarına əsaslanmayan, qiymətləndirmə nəticəsində vergidənyayınma ehtimalı olmayan vergi yoxlamalarının qarşısı tamamilə alınacaqdır”, - deyə nazirlikdən qeyd edilib.
Mənbə:> Oxu.Az