Bakı metrosu bu yay daha sərin olacaq – YENİLİK
Mayın 15-dən Bakı Metropolitenində ventilyatorların iş rejimi ilə bağlı yay qrafikinin tətbiqinə başlanılıb.
Bu barədə Oxu.Az-a “Bakı Metreopoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Qurum sözçüsü bildirib ki, qrafik metropolitendə havalandırma sisteminin səmərəli təşkili məqsədilə tərtib olunur:
“Bakı Metropoliteni” QSC rəhbərliyinin tapşırığı ilə ventilyatorların iş prinsiplərinin monitorinqi aparılıb.
Ventilyatorların yay iş rejimi noyabr ayının 15-ə qədər etibarlı olacaq. Həmin gün qış qrafikinin tətbiqinə başlanılacaq.
Qeyd edək ki, metropolitendə artan sərnişin axınının tələbatı, həmçinin texniki cəhətdən köhnəlmiş ventilyatorların daha güclü, müasir və effektli analoqları ilə əvəzlənməsi prosesi davam edir.
Təsdiq olunmuş illik tədbirlər planına uyğun olaraq, 6 yeni havalandırma qurğusunun müasir analoqları ilə əvəzlənməsi aparılır. İki belə avadanlıq artıq istismara hazırdır.
Daha 6 ventilyatorun isə modernləşdirilərək, əsaslı yenidən qurulması da uğurla aparılır. Müasir standartlara cavab verən üç belə avadanlıq da istismara verilib.
Digər havalandırma qurğularının fəal quraşdırma və ilkin hazırlıq işləri isə davam etdirilir.
Mənbə:> Oxu.Az