Bakıda bu yollar bağlanacaq
Bakı Şəhər Halqasının quraşdırma işləri ilə bağlı açıqlaması
Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Nəzərinizə çatdırmaq istərdik ki, Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasında Formula 1-ə dəstək yarışlarından olan GP2 yarışları da baş tutacaq.
Belə ki, Hökümət Evinin arxa tərəfində bu yarışda iştirak edəcəkGP2 komandaları üçün qarajların quraşdırılması işlərinə start verilib.
AzNews.info-nun məlumatına görə, bu səbəbdən Üzəyir Hacıbəyov küçəsinin A.Puşkin küçəsi və Azadlıq prospekti iləkəsişmələri arasındakı hissəsində nəqliyyatın hərəkəti 12 may - 21 iyun tarixləri arasında məhdudlaşdırılacaq.
Belə ki, yolun həmin hissəsində 3 hərəkət zolağı avtomobillərin hərəkəti üçün bağlı olacaq və Hökumət Evi ətrafında avtomobillərin parklanmasına icazə verilməyəcək. Bu ərazidə yerləşən piyada keçidləri isə normal fəaliyyətinə davam edəcək.
Qeyd edək ki, şəhər sakinləri Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağından yarış həftəsinə qədər istifadə edə biləcəklər.
Mənbə:> AzNews.info