Sumqayıtda baş verən intihar hadisəsinin TƏFƏRRÜATLARI
Xəbər verdiyimiz kimi Sumqayıtda intihar hadisəsi baş verib.
Dəhşətli hadisə bu gün səhər saatlarında 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında qeydə alınıb. Xəstəxananın terapiya şöbəsində müalicə alan bir xanım özünü 4-cü mərtəbədən ataraq intihar edib. Məlumata görə həmin şəxs elə yerindəcə keçinib.
Məsələ ilə bağlı Sumqayıt şəhər Səhiyyə şöbəsi ilə əlaqə saxladıq.
Sumqayıt şəhər Səhiyyə şöbəsinin məsul əməkdaşı Xalidə Quliyeva hadisənin təfərrüatları barədə Xeberle.com-a bunları bildirib: "İntihar edən xəstə 1950-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Səfərova Səyyarə Əmrah qızıdır. Xəstə şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Həmçinin ağciyər və böyrəklərində problemlər var idi. Xəstənin vəziyyəti aprelin 19-da pisləşib və dərhal o 2 saylı Sumqayıt şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Aprelin 20-də isə vəziyyəti yaxşılaşmağa doğru gedib və xəstə palataya yerləşdirilib. Bu gün tibb bacısı xəstənin yatdığı palataya daxil olaraq onu səhər yeməyinə çağırıb. Xəstə bildirib ki, səhər yeməyinə bir azdan gələcək. Tibb bacısı palatanı tərk edib. Onun yeməyə gəlmədiyini görən tibb bacısı yenidən palataya daxil olub və xəstəni orada görməyib. Tibb bacısı palatanın pəncərəsinin açıq olduğunu və xəstənin çəkələklərinin döşəmədə olduğunu görüb. Pəncərəyə yaxınlaşıb və görüb ki xəstə xəstəxananın həyətində yerdədir. "
X. Quliyeva xəstənin psixoloji durumunun qaydasında olduğunu vurğulayıb, amma ailəsi ilə müəyyən problemlərin olduğunu da qeyd edib: "Xəstənin 4 övladı var. Məlumata görə ona ancaq qızı baş çəkirmiş. Digər övladları isə analarının xəstəliyinə biganə yanaşırmış."
Qeyd edək ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Hadisənin intihar və ya ehtiyyatsızlıq üzündən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq.
Mənbə:> Xeberle.com