“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı olub » AzNews.info -Xəbər portalı

“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı olub – FOTO

“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı olub


Aprelin 15-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə BP Azərbaycan, “Azərbaycanfilm” kinostudiyası və STUDIO TOR 1 Filmproduktion (Berlin, Almaniya) studiyasının birgə ekranlaşdırdığı “Sarılar - Qarabağ atının izi ilə” adlı yeni sənədli filmin təqdimatı keçirildi.

AzNews.info xəbər verir ki, təqdimat mərasimindən əvvəl filmin rejissoru Villi Neumann, “BP Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı, Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov və İnformasiya və İctimayətlə əlaqələr şöbəsinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətovun iştirakı ilə mətbuat konfransı keçirildi.

“BP Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı təmsil etdiyi şirkətin ölkəmizdə reallaşdırdığı layihələrdən və bu istiqamətdə yaxın gələcəkdə də görüləcək işlərdən danışdı.

Bildirdi ki, beynəlxalq yaradıcı heyət tərəfindən çəkilmiş bu film Azərbaycan milli-mənəvi irs və dəyərlərinin qorunmasına töhfə olmaqla yanaşı, həm də Qarabağ mövzusunun kinoda işlənməsi baxımından çox əhəmiyyətlidir. Filmin əsas süjet xəttini 1956-cı ildə Böyük Britaniya Kraliçası II Yelizavetaya hədiyyə edilən Qarabağ atının “qohumları”nın axtarışı təşkil edir.

Avropadan keçməklə Qafqaz dağlarının ətəklərinədək çox uzun və təsirli bir səyahətə çevrilən bu axtarış həmin Qarabağ atının nəslinin davamçılarını, xüsusilə də ona bənzəyən atı öz vətəni Azərbaycanda tapmaqla nəticələnir.

Vurğuladı ki, çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan “Sarılar – Qarabağ atının izi ilə” sənədli filminin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.

Rejissor Villi Neumann isə qeyd etdi ki, 2012-ci ildə Azərbaycanı və bölgələrini gəzərkən burada milli çövkən atüstü oyununu izlədikdən sonra bu mövzuda film çəkməyə qərar verib: “Burada gördüklərim məndə böyük maraq doğurdu. Bu atüstü oyun, onun yaratdığı xoş duyğular məni belə bir ekran əsərinin çəkilməsinə sövq etdi. Ölkəmə qayıtdıqdan sonra bu oyunla, eləcə də Qarabağ atları ilə ciddi maraqlanmağa başladım. Nəticədə belə bir film ərsəyə gəldi”.

Villi Neumann vurğuladı ki, yaxın gələcəkdə filmin alman dilində yüksək səviyyədə səsləndirilməsi təmin ediləcək və ekran əsərinin Almaniyada təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirdi ki, film beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edəcək. Bu ekran əsərinin ilk olaraq Bakıda keçiriləcək beynəlxalq turizm filmləri festivalının proqramına daxil edilməsi nəzərdə tutulur.

Daha sonra film təqdim olundu.

Təqdimat mərasimində öncə Qarabağ uğrunda döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, kinorejissor və ssenarist Ayaz Salayev bu mövzuda sənədli filmin çəkilməsini yüksək dəyərləndirdi. Vurğuladı ki, ermənistanın işğalı nəticəsində 1 milyondan artıq vətəndaşımızla yanaşı Qarabağ atları da didərgin taleyi yaşamağa məhkum edilib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirdi ki, rəhbərlik etdiyi şirkət nəinki neft-qaz sahəsində, həm də fəaliyyət göstərdiyi ölkənin mədəni həyatında da mühüm layihələrə imza atır: “Azərbaycanda olduğumuz 20 ildən artıq bir müddət ərzində iri neft və qaz yataqlarının istismarı ilə yanaşı, biz həm də sosial və mədəni irslə bağlı çoxsaylı uğurlu layihələr hazırlamış və həyata keçirmişik. Bu layihələr əsasən təhsil, təlim və ixtisas artımı yolu ilə yerli icmaların inkişafına dəstək, yerli müəssisələrə iqtisadi imkanlar yaratmaq, idman və mədəni irsin inkişafına dəstək, ətraf mühitin qorunması və sair sahələri əhatə edir. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi biz bu mühüm sosial inkişaf sahələrinə sərmayə qoymaqda davam etmək niyyətindəyik”. Film haqqında fikirlərini bölüşən Qordon Birrell bu film insanların heyvanları öz həyatlarının, ən başlıcası isə, öz mədəniyyətlərinin bir parçası kimi qəbul etmələri haqqında təsirli bir hekayə olduğunu vurğuladı. Qeyd etdi ki, biz BP şirkəti olaraq mədəni irsə dəstək verməyi sosial fəaliyyətimizin əsas sahələrindən biri kimi seçmişik.

Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün yaradıcı heyətə öz minnətdarlığını bildirərək layihənin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, atlar əsrlər boyu Azərbaycan xalqının döyüşkən ruhunun, qəhrəmanlığının ayrılmaz hissəsi və yardımçısı olub. Şifahi və yazılı ədəbiyyatımızda at mövzusuna geniş yer verilib. Azərbaycan xalqının qədim atüstü oyunu olan Çövkən incəsənətimizdə geniş şəkildə öz əksini tapıb. Əbülfəs Qarayev həmçinin bu oyun növünün yaşadılması və inkişaf etdirilməsindən də danışdı. "Çövkən oyunu üzrə yarışların keçirilməsi Azərbaycan xalqının tarixi yaddaşının, adət-ənənələrinin yaşadılması deməkdir. Atüstü oyunlar xalqımızın mədəni irsinin ayrılmaz hissəsidir. Bu oyunlar bir müddət unudulsa da, Azərbaycan müstəqillik əldə etdikdən sonra atüstü milli oyunlar yenidən gündəmə gəldi. Azərbaycanın çövkən oyununun 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi. Bu işdə ölkəmizin birinci xanımı Mehriban Əliyevanın əvəzsiz xidmətləri var".

Nazir yaxın gələcəkdə bu istiqamətdə layihələrin davamlı olacağına inamını ifadə etdi.

Daha sonra film təqdim olundu. Azərbaycan dilində səsləndirilən bu film ingilis dilində subtitrlərlə təqdim edildi.

Filmdə vurğulanır ki, Qarabağ atları dünyada sonuncu təmiz qanlı at cinslərindən biridir. Azərbaycandakı “qızıl at” haqqında hekayələrdən ruhlanan tələbə Pauli Qarabağ atını görmək üçün Avropadan uzun və maraqlı bir səyahətə yola düşür. O, yolda macəra axtaranlar, rəssamlar, alimlər və atçı mütəxəssislərlə tanış olur...

Film böyük maraqla qarşılandı.

“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı olub
“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı olub
“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı olub
“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı olub
“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı olub
“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı olub
“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı olub
“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı olub
“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı olub
“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı olub
“Sarılar - Qarabağ atının izi ilə” filminin təqdimatı olub

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *