34 azərbaycanlı ermənilərin əlində əsirdir
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov deyib.
F.Sadıqov bildirib ki, həmin 50 nəfərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri 1999-cu ildə və ondan sonra bir neçə dəfə baş çəkib və onları qeydiyyata götürüblər: “Biz onların taleyinə aydınlıq gətirmək, onların azad olunması üçün fəaliyyət göstərirdik. Əgər bu insanlar Ermənistanda və ya işğal olunmuş Dağlıq Qarabağda müxtəlif yerlərdə uzun müddət saxlanılırlarsa, onların azad olunmasının vacibliyini diqqətə çatdırmışdıq. Beynəlxalq təşkilatlarla onların azad olunması istiqamətində fəaliyyət göstərirdik. Amma belə alındı ki, onlardan bizə 16 nəfərin meyiti qaytarıldı. Meyitlərə baxanda görünürdü ki, onlar yaxın məsafədən atəş açılaraq qətlə yetiriliblər. Ermənilər deyirdilər ki, onlar guya saxlama yerlərindən qaçmağa cəhd etdikləri üçün keşikçilər tərəfindən öldürülüblər, bir qismi isə xəstəlikdən ölüb. Biz də dedik ki, Ermənistan ərazisində hansı epidemiya yayılmışdı ki, onlar eyni gündə, eyni vaxtda həlak olublar? Digər 34 nəfərlə bağlı ermənilər heç bir məlumat vermirlər. Bu o insanlardır ki, onlara beynəlxalq təşkilatların nümayəndələri baş çəkib, onlarla orada görüşüblər və beynəlxalq təşkilatlarda qeydiyyatdadırlar. Lakin ermənilər onları vermirlər. Deyirlər ki, bizdə belə bir adam da, onlar haqqında məlumat da yoxdur”.
Mənbə:> AZXEBER.COM