Mədəniyyət və turizm naziri Sumqayıt Dövlət Dram Teatrında aparılan təmir işləri ilə tanış olub – FOTO
Fevralın 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aparılan təmir-bərpa işləri ilə tanış oldu.
AzNews.info xəbər verir ki, teatrda aparılan əsaslı təmir işləri haqqında nazirə geniş məlumat verildi. Bildirildi ki, bərpa işləri başa çatandan sonra teatrın əsas zalının tutumu 650 nəfərə qədər artacaq. Əsaslı yenidən qurulacaq bina müasir səhnə avadanlıqları, işıqlandırma sistemləri ilə təmin olunacaq. O da diqqətə çatdırıldı ki, təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan həyata keçirilir. Sənət ocağının yaradıcı heyəti məşqlərini davam etdirir, yeni tamaşalar nümayiş olunacaq.
Nazir əsas tamaşa zalının lazımi avadanlıqlarla təmin olunması, eləcə də filmlərin nümayişi üçün kino zalının böyük ölçülü monitorla təchiz edilməsi ilə bağlı tapşırıqlar verdi. Binanın daxili və xarici tərtibatının yüksək səviyyədə qurulması, işıqlandırma və səsləndirmə aparatlarının müasir tələblərə uyğun hazırlanması üçün mütəxəssislərin cəlb olunmasının zəruriliyini vurğuladı.
Əbülfəs Qarayev işlərin vaxtında, keyfiyyətlə həyata keçirilməsi və digər məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.
Mənbə:> AzNews.info