Polis sahibin icazəsi olmadan evə nə zaman daxil ola bilər? – SİYAHI
Azərbaycanda polisin məhkəmə qərarı olmadan ev sahibinin iradəsinə zidd olaraq yaşayış yerinə daxil olmasını şərtləndirən əsaslar artırılacaq.
AzNews.info xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Polis haqqında” qanunun 24-cü (Polis əməkdaşı tərəfindən mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması) maddəsinin II hissəsinə əlavə və dəyişikliklər nəzərdə tutulur.
Layihəyə görə, hakimin qərarı olmadan polis əməkdaşlarının yaşayış yerinə orada yaşayanların iradəsinə zidd olaraq daxil olmasını şərtləndirən məsələlərin sırasına aşağıdakı şərt də daxil edilir:
- Şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə, həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və sənədlərin yaşayış yerində gizlədilməsi.
Polisin qeyd olunan şəkildə yaşayış yerinə daxil olmasın şərtləndirən və hazırda qüvvədə olan digər əsaslar isə aşağıdakılardır:
1) Mənzildə şəxsiyyət əleyhinə ağır cinayətin və ya xüsusi təhlükəli dövləti cinayətin törədilməsi;
2) Cinayət törətmiş, həbsdən və ya cəzaçəkmə müəssisələrindən qaçmış şəxsin həmin mənzildə gizlənilməsi;
3) Cinayət törətmiş şəxsin bilavasitə "isti izlərlə" təqib edilməsi;
4) Mənzildə insan meyitinin olması;
5) Mənzildə insan həyatı və ya sağlamlığı üçün real təhlükənin olması, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə səbəb ola bilən əxlaqsız hərəkətlərin edilməsi.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevarlın 1-də müzakirəyə çıxarılacaq.
Mənbə:> APA