“Qızıl Məryəm”in ailəsinin tükürpədən cinayət dosyesi – ÇOXU HƏBSDƏDİ
Yanvarın 5-də 43 bıçaq zərbəsi ilə qətlə yetirilən məşhur qızıl alverçisi Məryəm Namədzadənin ölümü, həm də yeni ilin ən ağır cinayət hadisəsi sayılır. Bu gün isə hüquq mühafizə orqanları "Qızıl Məryəm"in bıçaqlanması ilə bağlı şok məlumat yayıb və qətldə yeganə övladı olan qızı və qohumları ittiham olunurdu.
Bu səbəbdən əməkdaşlarımız Məryəm Namədzadənin xüsusi qəddarlıqla həlak olduğu ünvana baş çəkiblər.
Qonşular “Qafqazinfo”ya bildiriblər ki, qətlin planlaşdırılmasında təqsirləndirilən Günel anası Məryəm ilə tez-tez mübahisə edirmiş.
Adının çəkilməsini istəməyən və şuba alveri ilə məşğul olan qonşunun sözlərinə görə, dekabrın 31-də Məryəmgildə olub: “Məryəm neçə vaxtdı bir nəfərə çoxlu qızıl verib, amma pulunu ala bilmirdi. Buna görə də dilxor idi. Mən də bayramlaşmağa getdim, bu barədə də danışdıq. Məryəmə dedim ki, özünə bir mühafizəçi götür, oğurluqlar artıb. Həmin vaxt bacısı oğlu Nicat ilə qızı Günel də ordaydı. Məryəm dedi ki, elə oğurluq olmasın deyə hər gün dükandakı 10-15 kq qızılı özü ilə gətirib aparır. Mən də dedim ki, bu lap təhlükəlidi, evdə o qədər qızıl saxlamazlar”.
Yayılan məlumatlarda həmin binada və ətrafda təhlükəsizlik kamerasının olmadığı qeyd olunsa da, Məryəmin qonşusu, 2-ci mərtbədə yaşayan sakinin evinin pəncərəsində quraşdırılmış kamera diqqətimizi çəkdi. Qonşu isə kameranın bir neçə gündür işləmədiyini bizə xatırlatdı: “Biz o kameranı həyətdə saxladığımız maşına görə quraşdırmışdıq. Amma çoxandı ki, işıqda qısaqapanma oldu, kamera yandı. Qonşular da bunu bilirdi, yəqin, elə bunu bilib rahat içəri giriblər”.
Beş mərtəbəli binanın giriş qapısı xüsusi kodla təchiz edilmiş təhlükəsizlik açarı ilə təmin edilib. Binaya giriş üçün yalnız sakinlərin bildiyi şifrədən istifadə olunur. Lakin bizim orda olduğumuz müddətdə də qapı daim açıq qalmışdı və istəyən hər kəs binaya daxil ola bilərdi.
“Məryəmin qardaşı və Günelin əri də həbs olunub...”
Qonşularla söhbətdə öyrəndik ki, Məryəm Namədzadənin iki yaxın qohumu həbs edilib. Onlardan biri qardaşı Əmirdir. Məryəmin anası da uzun müddət qızıl alveri ilə məşğul olub və hazırda onun işlətdiri Mərkəzi Univermaqdakı mağaza da anasından qalıb. Anası vəfat edəndə bu mağaza miras kimi Məryəm və Əmir arasında bölünməli imiş Bu məsələyə görə bacı-qardaş uzun müddət davalı olublar. Məryəmi 15 ilə yaxındır tanıdığını deyən qonşu qadın iddia edir ki, Məryəm öz əlaqələri vasitəsilə o vaxt qardaşı Əmiri həbs etdirib və mağaza onun özünə qalıb. Əmir isə narkotik ittihamı ilə həbs edilib və hələ də cəzaçəkmə müəssisəsindədir. Əmir türmədə olarkən bir neçə dəfə Məryəmə sifariş göndərərək həbsdən çıxan kimi onu öldürəcəyi ilə hədələyib. Qardaşı Məryəmin öldürüldüyünü bildikdən sonra isə onun analarının yanında dəfn edilməməsini tələb edib.
Qeyd edək ki, mediada Məryəm Namədzadənin oğru aləminin nümayəndələri ilə yaxın əlaqəsi olduğu barədə məlumat yayılmışdı.
Məryəm Namədzadənin həbsdə olan digər yaxını isə keçmiş kürəkəni olub. Məlumata görə, Məryəmin qızı Günel övladı dünyaya gəldikdən 2 ay sonra boşanıb. Buna səbəb olaraq Günelin həyat yoldaşı uşağın atasının başqa adam olduğu və qızın onunla sevgili olduğunu deyib. Daha sonra isə cütlük boşanıb. Qonşuların sözləri ilə desək, kürəkən Güneli evdən çölə atıb. Məryəm Namədzadənin təsiri ilə qızının eks-əri dələduzluqda ittiham olunaraq 9 il həbs cəzası il məhkum edilib. O da hazırda cəzaçəkmə müəssisəsindədir.
“Belə başa düşdük ki, Məryəmi bacısı oğlu Nicat öldürüb, 10-cu sinifdə oxuyur...”
Məryəm Namədzadənin üst qonşusu isə qeyd edib ki, qətl baş verən gecə səhərə kimi bütün qonşular polis bölməsində saxlanılıb və dindirilib: “Mənim qonağım var idi, onu da aparmışdılar. Bizi sorğu-sual edib buraxdılar. Günellə Məryəmin bacısı Fəxriyyənin oğlu Nicatı saxlamışdılar. Biz deyib-gülürdük orda, Nicat yanımızda sakit oturmuşdu. Heç nə danışmırdı. Biz belə başa düşdük ki, Məryəmi Nicat öldürüb. Nicat da balaca, cılız uşaqdı, hələ 10-cu sinifdə oxuyur. Nicatın atası Sənan da orada dindirilirdi”.
Məryəmin qızı Günelin sevgilisi Asimlə hələ də əlaqələri var. Hətta onların evində də bir neçə dəfə olub. Asim Məryəmin dükanında işləyib ona kömək edirmiş.
Dəhşətli cinayətin baş verdiyi mənzilin qapısı bağlı idi, qohumlardan da heç kim o ətrafda görünmürdü. Yalnız Günelin “Audi” markalı 10 KK 606 nömrəli avtomobili elə binanın girişindəcə qalmışdı.
Məryəm Namədzadənin yas mərasimi yaşadıqları binanın yaxınlığındakı mərasim zalında keçirilir. Yasa gələnlərdən əksəriyyəti isə iş yoldaşları və tanışı idi.
Mənbə:> Qafqazinfo.az