“Şlyupka”ya ilk daxil olan xilasedici: Gördüyüm ilk mənzərə dəhşətli idi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

“Şlyupka”ya ilk daxil olan xilasedici: Gördüyüm ilk mənzərə dəhşətli idi – VİDEO

“Şlyupka”ya ilk daxil olan xilasedici: Gördüyüm ilk mənzərə dəhşətli idi


Xilasedici... Həyati təhlükələr anında insanların yardımına çatan peşə sahibləri... Bəli, bu, həm də peşədir, xüsusi vərdişlər və hazırlıq tələb edən peşə... Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti məhz belə peşəkarlardan formalaşıb.

“112” qaynar xidmətinə çağırış daxil olub. Reqlamentə görə, xilasedici qrup çağırış daxil olduqdan cəmi 45 saniyə ərzində xidməti postdan çıxmalı və ən gec 5-7 dəqiqə ərzində hadisə yerinə çatmalıdır.

“Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin əməkdaşlarının gündəlik işi bəzən belə gərgin anlarla yadda qalır”.

Çevik Xilasetmə İdarəsinin əməkdaşları xilasetmə əməliyyatını başa vurduqdan sonra əməkdaşlar hadisənin detalları müzakirə edir. Günün nizam qaydasına uyğun olaraq, xilasedicilər fiziki, psixoloji, xüsusi taktiki hazırlıq dərsləri keçirlər.

İnsan həyatını qurtarmaq xilasedicilərə təkcə xüsusi zövq yaşatmır. Xilas olunanların sevincini bölüşdükləri kimi, bədbəxt hadisələr zamanı həlak olanların ailələrinin kədərinə də şərikdirlər.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti “Günəşli” platformasının 10 saylı dərin dəniz özülündə baş verən hadisə zamanı da gərgin iş qrafikində çalışıb. Xidmətin Çevik Xilasetmə İdarəsinin dəstə rəisi, baş leytenant Toğrul Məmmədovun sözlərinə görə, dekabrın 4-də hadisə barədə xəbər aldıqdan sonra onlar təlimat məqsədi ilə idarədə toplaşıblar:

“Səhər saat 8.05-də helikopterlə “Günəşli” platformasına qalxdıq. 20-25 dəqiqə ərzində əraziyə yaxınlaşdıq. Helikopter iki dəfə yaxınlaşmağa cəhd elədi, amma platformaya enə bilmədi. Küləyin istiqaməti o qədər güclü idi ki, alov helikopterin enəcəyi istiqamətə vururdu. İkinci cəhddən sonra bizi 3-cü platformaya endirdilər.

Orada bizə bildirildi ki, həmin platformadan bizi “AZAL” şirkətinə məxsus helikopter “Günəşli” yatağına endirəcək. Beləliklə həmin helikopterlə hadisə yerinə doğru istiqamət aldıq. Hətta bizə bildirildi ki, 5-6 saniyə ərzində helikopteri tərk etməliyik. Çünki alovun istisindən helikopter partlaya bilərdi. Beləliklə tam ekipajla, xüsusi avadanlıqlarla, bütün təhlükəsizlik qaydalarına riayət etməklə aşağı endik. İşçi fazalar yaradıldı”.

Platformadan sallanmış vəziyyətdə qalmış, içərisində neftçilər olan qayığın üzərinə ilk olaraq Toğrul Məmmədov özü enib:

“Qayığı dayanıqlığını təmin etmək məqsədi ilə əlavə iplər bağladıq. Külək qayığı o qədər dəmirlərə çırpmışdı ki, trosun biri qırılmışdı. Qayıq bir trosun üstündə dayanmışdı. 27 neftçi isə həmin qayığın içərisində idi. Beləliklə qayığa daxil oldum, ilk gördüyüm mənzərə çox dəhşətli idi. Çünki qayıqda olanlar düz 18 saat açıq havada qalmışdılar. Ölümlə burun-buruna idilər. İlk olaraq onlara ürək-dirək verdik ki, biz FHN əməkdaşlarıyıq və sizə köməyə gəlmişik.

Öncə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə çalışan qadını xilas etdik. O yuxarı qalxana qədər təşəkkür edib Allaha yalvarırdı. Orada yaralılar çox idi. Təlimata uyğun olaraq əvvəlcə yaralıları çıxarmalı idik. Amma biz tarazlıq pozulmasın deyə bir sağdan, bir soldan, onları xilas etməyə başladıq.

Qəza baş verəndən 15 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc, “Samir Quliyev” yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıb. İdarənin mütəxəssis xilasedicisi Faiq Babayev xilasetmə əməliyyatını belə xatırlayır:

“Çox kəskin hava şəraiti idi. Dalğanın faktiki hündürlüyü 9-10 metrə çatmışdı, bu səbəbdən gəmilərin heç biri özülə yan ala bilməmişdi. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz edirdi. Təlimata uyğun olaraq bu şəraitdə təxliyə planı işə düşdü.

Biz ora çatanda artıq hazırlıqlı idik, başqa platformaya enişimiz isə bizim işimizi daha da mükəmməl görməyə imkan yaratdı. Əlavə məlumat topladıq, özülə haradan yanaşacağımızı bir daha müəyyənləşdirdik. Bu isə xilasetmə tədbirlərini bir az da asanlaşdırdı.

Yanğının gücündən özülə ilk dəfədən yaxınlaşa bilməsək də, sonradan üst platformaya düşüb onun dəmir lövhələrini kəsərək qayıqla təmas yaratdıq. Bu qayıq həmkarımın da qeyd etdiyi kimi sıxılıb qalmışdı. Qayığın içərisində olan insanların 18 saat köməksiz vəziyyətdə qalması isə onları çox gərginləşdirmişdi. Çox şükürlər olsun ki, xilas etdiyimiz insanlar əməliyyat zamanı əlavə xəsarətlər almadı”.

Xilasetmə əməliyyatı Faiq Babayev üçün ikiqat ağır olub. Buna səbəb xilasedicinin əmisi oğlunun qəza baş verən platformada çalışması olub. İtkin düşən 22 yaşlı Tural Babazadə xilasedici Faiq Babayevin doğmaca əmisi oğludur. Faiq müəllim Turalın qəza baş verən özüldə işlədiyini bilib, amma hadisə baş verən an əmisi oğlunun özüldə növbədə olduğundan xəbərsiz olub:

“Tural mənim yanımda böyüyüb... Mənə onun haqqında danışmaq çox çətindir. Mən öz vəzifə borcumu yerinə yetirdim. Bizim üçün əsas insan amilidir. Əsas insan həyatını xilas etməkdir. Biz bu işdən şərəf duyuruq”.

Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Ehtiyat Xilasedicilər dəstəsinin rəis müavini, baş leytenant Zəfər Mustafayev də əməliyyatda iştirak edib. Bu qurumda 9 ildir çalışan zabit deyir ki, bu, həyatında gördüyü ən çətin əməliyyatlardan biri olub.

“Çox ağır bir hadisə idi. İşlədiyim 9 il ərzində xidmət etdiyim qurumda tərəfimizdən həyata keçirilən ən çətin əməliyyatlardan biri idi.

Hava şəraitinin kəskin dəyişməsi, dalğaların hündürlüyü xilasetmə əməliyyatına böyük çətinliklər yaradırdı. Biz orda öz vətəndaşlarımızı xilas etmək üçün var qüvvəmizi səfərbər etdik.

General-mayor Məhərrəm Həsənovun bizimlə birlikdə olması əməkdaşlarımıza xüsusi güc verirdi. Biz 27 nəfəri xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxardıq. Bizim üçün ən böyük hədiyyə isə xilas etdiyimiz insanların üzündəki təbəssüm idi”.

Çevik Xilasetmə İdarəsinin Ehtiyat Xilasedicilərinin rəisi baş leytenant Bəxtiyar Qurbanov da açıq dənizdə keçirilən xilasetmə əməliyyatını ömrünün sonuna kimi unutmayacaq:

“27 nəfəri xilas edərkən dəhşətli hisslər yaşadıq. Çətin idi. İşləmək də çətin idi. Təsəvvür edin, 18 saat köməksiz vəziyyətdə qalmaq nə deməkdir. Onlar ümidlərini kəsmişdilər ki, kimsə onları xilas edə bilər. İnanmırdılar.

Onlar ilk Toğrulu gördülər. Onların üzündəki sevinci sadəcə görmək lazım idi. Toğrul onlara əvvəlcə psixoloji köməklik etdi, onları inandırdı ki, xilas olacaqlar. Yalnız bundan sonra ardıcıllıqla tədbirləri davam etdirdik. Şükürlər olsun ki, onları sağ-salamat sahilə gətirə bildik”.

Keçirdikləri riskli əməliyyatlarla insanlara həyat bəxş edən xilasedicilər üçün hər gün yenidən başlayır. Keçirilən əməliyyatlar isə tarixə çevrilir, xatirələrə gömülür. Həyatlarını qurtardıqları insanların üzlərindəki təbəssümü özləri üçün ən böyük mükafat sayan xilasedicilər yenə də növbə başındadır. Onlara xeyirli-uğurlu, qansız-qadasız növbə diləyirik!

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *