Bütün Qafqazın Şeyxi xeyir-dua verdi
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qax rayonunda səfərdə olub. QMI mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, səfərdə onu QMİ Elmi-Dini Şurasınin sədri akademik Vasim Məmmədəliyev başda olmaqla Şura üzvləri, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev və b. müşayiət ediblər.
İlk öncə Şeyxülislam A. Paşazadə və onu müşayiət edən şəxslər Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti ilə görüş keçirdilər. Tədbirdə iştirak edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev öz çıxışında rayonda gedən quruculuq işləri barədə ətraflı məlumat verdi.
QMİ sədri Heydər Əliyev Mərkəzində Qax ziyalıları və rayonun ağsaqqaları ilə ünsiyyətdə oldu. Səmimi şəraitdə keçən görüşdə ölkəmizdə dini-mənəvi dəyərlərin, mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən işlər, maarifləndirmə tədbirləri haqqında ətraflı söhbət açıldı.
Daha sonra QMİ sədri A.Paşazadə Qax rayon Cümə məscidində dindarlarla görüşdü. Burada aparılan təmir-bərpa işləri ilə tanış olan Şeyxülislam məscidin icmasına xeyir-dualarını verdi.
Daha sonra QMİ sədri A. Paşazadə rayonun xristian dini icması ilə də görüşdü. Qax rayonu Qaxingiloy kəndində Müqəddəs Giorgi kilsəsi ilə tanış olan və bu kənddə yaşayan pravoslav gürcülər, ingiloylarla görüş keçirən Şeyxülislam icmaya maddi yardım göstərdi. A. Paşazadə ölkəmizdə dövlətin dini icmalara diqqət və qayğısının, dinlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirdi və Qaxda müxtəlif dini icmalar arasında hökm sürən dostluq,qardaşlıq əlaqələrini rəğbətlə vurğuladı.
Mənbə:> ANSPRESS