Metrodakı “sehrli səsin” sahibi məlum oldu
“Qapılar bağlanır, növbəti stansiya “Elmlər Akademiyası”… Bu sözləri Bakı metrosunda hər gün eşidirik. Qulağımıza necə deyərlər, “sırğa olan” bu bir neçə kəlmədən yəqin ki, kimsə əsəb gərginliyi keçirmir. Çünki hamı o səsə çoxdan öyrəşib. Bəs o məlahətli səsin sahibi kimdir?
AZXEBER.COM xəbər verir ki, Modern.az saytı bu “sehrli səsin” sahibinin kimliyini dəqiqləşdirməyə çalışıb.
“Bakı Metropoliteni” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev çoxlarını maraqlandıran səs sahibinin adını açıqlayıb. O, Modern.az-a deyib ki, metro qatarı hər dəfə yola düşəndə sərnişinləri qapıların bağlanacağından və qarşıda hansı növbəti stansiyanın gələcəyindən xəbərdar edən “gözəgörünməz xanım” İradə Ələkbərqızıdır.
Modern.az-a o da məlum olub ki, İradə Ələkbərqızı həm də “Azərlotereya”nın oyunlarında tirajlar barədə məlumatları səsləndirən xanımdır.
İradə Ələkbərqızı Ağayeva 2006-cı ildə Milli Teleradio günündə - Azərbaycanda radionun yaranmasının 80, televiziyanın yaranmasının isə 50 illiyi münasibətilə ölkə başçısının sərəncamı əsasında “Əməkdar artist” fəxri adına layiq görülüb. Televiziyada efir mətnlərini səsləndirən İradə xanım heç vaxt görüntülənmir…
Mənbə:> AZXEBER.COM