700 bal toplayan tələbə ilə » AzNews.info -Xəbər portalı

700 bal toplayan tələbə ilə – MÜSAHİBƏ

700 bal toplayan tələbə ilə


Məmmədli İsa Elişad oğlu 25 sentyabr 1998-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 2004-2015-ci illərdə Bakı şəhəri 163 saylı tam orta məktəbdə alıb və həmin məktəbi əla qiymətlərlə bitirib. TQDK-nın 2015/2016-cı tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub. "Qafqazinfo" tələbə İsa Məmmədli ilə müsahibəni təqdim edir:


-İsa, 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Necə düşünürsən, bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?

-700 ballıq nəticəni əldə etmək üçün ilk öncə iradəli olmaq lazımdı. Qarşına məqsəd qoymalı və bu məqsədə çatmaq üçün çox çalışmalısan. Mən də belə etdim. Əvvəla təhsilimi davam etdirmək üçün qəbul olmaq istədiyim ali məktəbi seçdim. Bir çox araşdırmalardan, sorğulardan sonra qərara gəldim ki, ən düzgün seçim -Bakı Ali Neft Məktəbidir (BANM). BANM-ə qəbul olmaq üçün isə mütləq yüksək nəticə göstərməli olduğumu anladım. Bundan sonra mənim üzərimə düşən çoxlu mütaliə etmək və hazırlaşmaq idi. Gündəlik hazırlıqlarda iştirak edib vaxtı-vaxtında dərslərimi oxudum. Hər gün 6-7 saat dərslərimlə məşğul olurdum. İlk sınağımda nəticəm yüksək olsa da, məni tam qane etməmişdi. Bacarıqlarıma əmin idim, ona görə düşünürdüm ki, hələ də kifayət qədər zəhmət çəkməmişəm. Dərslərimə daha çox vaxt ayırmağa çalışırdım. Hətta istirahət vaxtlarımı da dərslərə ayırırdım. Qəbul gününə kimi çox uzun və zəhmətli yol keçdim. Zəhmətimin bəhrəsi olaraq ən yüksək nəticəni əldə edib istədiyim ali təhsil müəssisəsinə qəbul oldum. İstedadla yanaşı əziyyət çəkməyin, səbrli, iradəli və yalnız məqsədə doğru irəliləməyin vacib olduğunu öncədən bilirdim. Müəllimlərim iddialı olduğuma görə mənə daha da çox diqqət yetirməsi, dərslərə olan marağımın daha da çox artmasına səbəb olurdu və mən artıq kifayət qədər bal toplayacağıma əmin idim, amma 700 bal toplaya biləcəyimi əminliklə deyə bilməzdim. Daha çox çalışdıqca, hədəflərim böyüyürdü. Sonda maksimum balı toplayaraq hədəfimə çatdım və BANM-i seçdim.

-Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonrakı xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?

-Qəbul imtahanından öncə sınaq imtahanlarında iştirak etmişəm. Bir çoxunda 680 bala qədər nəticə əldə edə bilmişəm. Qəbul imtahanı keçirilən günü çox da həyəcanlı deyildim, çünki öz biliklərimə tam güvənirdim. İmtahan müddətində fikrimi sadəcə testlər üzərində cəmlədim. İmtahanın nəticələri elan olunduğunda ən yüksək bal topladığımı öyrəndikdə mən, ailə üzvlərim, müəllimlərim, bir sözlə hər kəs çox sevindi. Qısa müddət ərzində məni nəinki tanıdığım insanlar, hətta tanımadığım insanlar belə təbriklər edirdilər. Ölkədə az sayda 700 bal toplayan tələbələrdən biri oldum. Bu hissləri sözlə ifadə etmək çox çətindi. Lakin artıq məqsədimə çatmaq üçün əsas iş görülmüşdü.

-Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

-Yüksək keyfiyyətli ingilis dilli təhsil, müasir texnologiyaların tətbiqi ilə tədris, işlə təminat, xarici universitet və şirkətlərlə əlaqələr, həmçinin ölkəmizdə neft sənayesində peşakar mühəndislərə olan tələbat və maraq haqqında məlumat alaraq, ən yaxşı seçimin Bakı Ali Neft Məktəbi olduğuna qərar verdim. Çünki bütün yuxarıda sadalananan şərait və imkanlar məhz BANM-in tələbələri üçün yaradılır ki, onlar gələcəkdə yüksək ixtisaslı mütəxəssis olsunlar. Buranı seçməkdə öz istəyimlə yanaşı, ailə üzvlərimin və müəllimlərim də məsləhətləri məni həvəsləndirdi. Seçimimin doğru olduğunu söylədilər. Seçimdə 15 ixtisas kodu üçün yer verilsə belə, mən sadəcə azruladığım ali məktəbin yəni BANM-in 3 ixtisas kodunu yazmaqla kifayətləndim.

-Ən böyük arzun nədir?

-BANM-ə qəbul olmaq - ən böyük arzum idi. Artıq ən böyük arzumu reallaşdırmış oldum. BANM-in tələbəsi adını qazanmaq mənim üçün çox qürurverici və həyatımın ən unudulmaz anına çevrildi. Əminəm ki, burada alacağım təhsil məni daha da yüksək zirvələrə aparacaq və Azərbaycanın ən öndə gedən kadrlardan birinə çevirəcək. Bundan sonrakı ən böyük arzum Bakı Ali Neft Məktəbində mükəmməl təhsil alaraq irəlidəki hədəflərimə nail olmaqdır.

-Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?

-Yüksək ixtisaslı kadr kimi yetişmək, işimin peşakarı və hər zaman ehtiyac duyulan mütəxəssis olmaq, oxuduğum təhsil ocağının adını daim yüksəkdə tutmaq arzusundayam. Gələcəkdə BANM-dən məzun olduğum zaman, özümü beynəlxalq tələblərə cavab verə bilən yüksək səviyyəli, savadlı, müasir və dünyagörüşlü peşəkar mütəxəssis kimi görürəm. Gələcəkdə neft-qaz mühəndisi dedikdə isə ilk öncə mənim adımın çəkilməsini, dünyada azərbaycanlı mühəndis kimi tanınaraq, ölkəmi beynəlxalq səviyyədə təmsil etməyi və bununla da peşəmdə ola biləcək ən yüksək zirvəyə çatmağı çox istəyirəm. İnanıram ki, mən bu Ali Məktəbdə təhsil alaraq gələcək üçün olan bütün planlarımı həyata keçirib, ölkəmin ən yaxşı mütəxəssislərindən biri olacam.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *