Bölgələrdə şəhid ailələri və Qarabağ əlilləri üçün evlər tikilir
İmişli və Şamaxıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlər tikilib. Digər rayonlarda da bu kateqoriyalardan olanlar üçün yeni mənzillərin alınmasına başlanılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən virtualaz.org-a bildiriblər ki, nazirliyin sifarişi İmişlidə tikilən 54 mənzilli və Şamaxıda tikilən 36 mənzilli yaşayış binalarının inşası artıq başa çatdırılıb. Yaxın günlərdə həmin binalardakı mənzillər növbədə dayanmış Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə veriləcək. Mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb, binaların həyət-bacasında abadlaşdırma işləri görülüb.
Ümumilikdə bölgələrdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 67 fərdi ev inşa edilir. Qeyd edək ki, prezident İlham Əliyevin 2 avqust, 2018-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün cari ildə əlavə olaraq minimum 300 mənzil alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, nəticə etibarilə bu il 500-dən çox mənzilin həmin insanlara təqdim olunmasına imkan yaradıb.
Mənbə:> Virtualaz.org