Ermənistan işğalçı qüvvələri Kəlbəcərdə təlim keçirib
Ötən həftə Ermənistan silahlı qüvvələrinin 2-ci ordu korpusu Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunu da əhatə edən hərbi təlimlər keçirib. Virtualaz.org xəbər verir ki, bu xəbər lragir.am portalında yer alır.
Sayt Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Movses Akopyana istinad edərək yazır ki, təlimlər ilk dəfə birbaşa təmas xəttində, bilavasitə “müdafiə sahəsində” keçirilib. Habelə döyüş atışları keçirilib, dağlıq şəraitdə döyüş əməliyyatlarının ssenarisi məşq edilib.
Təlimlərin ssenarisinə əsasən Ermənistan ordusunun qüvvələri düşmənin qəfil hücumunu dəf edir, bu zaman “yeni texnologiya” tətbiq edir. Habelə təlimlərdə Kəlbəcər-Sotk (Göyçə mahalı) avtomobil yolunun “Kəlbəcər əhalisinin” mühafizəsinin təmin edilməsinə yönələn fəaliyyət də sınaqdan keçirilib. Təlimlərə Ermənistan aviasiyasının Mİ-24 zəbə vertolyotarı və Su-25 qırıcıları da iştirak edib.
Azərbaycan ordusu atəşkəsdən əvvəl, 1994-cü ilin qışında Kəlbəcər istiqamətindən hücum əməliyyatı keçirib. Bu hücum əməliyyatı əvvəlcə müvəffəqiyyətlə keçib və xeyli yaşayış məntəqəsi düşməndən azad olunub, lakin daha sonra hücum edən qüvvələrə təchizat dəstəyinin mürəkkəb relyefə, sərt hava şəraitinə görə kəsilməsi və köməyə əlavə qüvvələrin göndərilməsinin mümkün olmaması nəticəsində əməliyyat uğursuzluqla nəticələnib.
Lakin indi Azərbaycan Silahlı Qüvvələrinin silah-sursat, hərbi texnika baxımından imkanları, döyüş hazırlığı o dövrlə heç cür müqayisə olunmur. Bunu Ermənistanda da nəzərə alırlar və görünür başa düşürlər ki, Azərbaycan ordusunun mümkün qəfil hücum əməliyyatı hətta ən az ehtimal edilən istiqamətdən-Kəlbəcər istiqamətindən də başlaya bilər.
Mənbə:> Virtualaz.org