Kəşfiyyatçılarımızın qisası qismən alındı: Xocavənddə ermənilərə zərbə – VİDEO
Martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.
Müdafiə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.
Bütün cəbhəboyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.
Xatırladaq ki, fevralın 24-dən 25-nə keçən gecə Xocavənd istiqamətində Azərbaycan ordusunun kəşfyyat qrupunun 5 döyüşçüsü həlak olub, həmin döyüşlərdə yaralanan daha bir hərbçi iki gün sonra keçinib.
Qondarma "dqr müdafiə nazirliyi" ötən gün bildirib ki, Azərbaycan ordusunun artilleriya zərbəsi nəticəsində 1980-ci il təvəllüdlü hərbçi həlak olub. Belə görünür ki, söhbət bu kadrlarda əks olunan artilleriya zərbəsindən gedir.
Mənbə:> Virtualaz.org