AB-dən Qarabağ bəyənatı
Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən vurulan Ermənistana məxsus hərbi helikopter ilə əlaqədar bəyanat yayıb.
ANS PRESS-in məlumatına görə, bəyanatda deyilir: "Bu il noyabrın 12-də təmas xəttində hərbi helikopterin vurulması atəşkəsin pozulmasına gətirib çıxarıb. Bundan sonra bütün tərəflər təmkinli olmalı, vəziyyəti gərginləşdirən fəaliyyətlərdən və ya bəyanatlardan uzaq durmalıdır. Biz bu xoşagəlməz hadisənin araşdırılmasını təklif edirik.
Avropa İttifaqı ATƏT-in Minsk qrupunun və onun 3 həmsədrinin səylərini tam dəstəklədiyini bir daha vurğulayır. Hər iki tərəf ciddi qaydada atəşkəsə riayət etməli, hərbi vasitələrdən, yaxud hər hansı təhdidlərdən çəkinməli, Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üzrə səyləri davam etdirməlidir".
Xidmətin xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat nümayəndəsi Maya Kosiynaçiç eunews.az-a bildirib ki, vertolyotun vurulması Ermənistan silahlı qüvvələrinin keçirdiyi hərbi təlimlərlə eyni vaxta təsadüf etdiyi üçün bəyanat hər iki münaqişə tərəfinə ünvanlanıb.
Xatırladaq ki, noyabrın 12-də Ermənistana məxsus Mi-24 döyüş helikopteri Ağdamda mövqelərimizə hücuma cəhd etdiyi üçün vurulub. Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur.
Mənbə:> ANSPRESS