Aprel döyüşlərinin iştirakçıları ehtiyata buraxıldı – FOTO
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 9 sentyabr 2016-cı il tarixli Sərəncamının icrası Silahlı Qüvvələrdə davam edir.
Oxu.Az xəbər verir ki, Tərtər şəhərinin mərkəzindəki Heydər Əliyev meydanında “Vətənə nümunəvi xidmətə görə sağ ol!” devizi altında keçirilən tədbirdə yüzlərlə rayon sakini, veteran, ictimaiyyət nümayəndələri və məktəblilər cəbhə bölgəsində əsgəri borcunu şərəflə yerinə yetirərək ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından bir qrupunu təntənə ilə yola salıblar.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani tədbir iştirakçılarına Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrikini çatdıraraq Azərbaycan Silahlı Qüvvələrinin son illərdəki uğurlarından, aprel döyüşlərindəki qələbəmizdən, ordu ilə xalqın daha sıx birliyinin yaranmasından danışıb.
Qeyd olunub ki, mütəşəkkil ordunun yaranması əgər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdırsa, bu ordunun nəinki Cənubi Qafqazda, eləcə də dünyanın güclü orduları sırasında yer alması Ali Baş Komandanımız İlham Əliyevin adı ilə bağlıdır.
Son illərdə ordumuzun maddi-texniki bazası daha da təkmilləşdirilib, yeni silahlar, döyüş texnikaları, zenit-raket kompleksləri, artilleriya qurğuları, təyyarə və helikopterlər alınmış və düşməni susdurmaq üçün həm silah-texnika, həm də şəxsi heyət sarıdan kifayət qədər qüvvəmiz vardır. Hər şeydən öncə şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik hissinin yüksək olması və hamının bir amal uğrunda, bir bayraq altında birləşməsidir.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, bu gün yola salınan əsgər və çavuşların hamısı aprel döyüşlərinin iştirakçılarıdırlar və onlar doğmalarının yanına qalib kimi qayıdırlar.
Ehtiyata buraxılan hər bir əsgər haqqında məlumat verilib, döyüşlərdə göstərdikləri rəşadətlərindən söhbət açılıb. Sonra döyüş növbəsinin, qəhrəmanlıq estafetinin rəmzi təhvili mərasimi başlanıb.
Ehtiyata buraxılan əsgər Altay Vəliyev “Bu gün mən və mənimlə bir vaxtda müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər həyatımızın ən xoşbəxt günlərini yaşayırıq. Biz artıq Vətən və xalq qarşısında müqəddəs əsgəri borcumuzu şərəf və vicdanla yerinə yetirərək doğmalarımızın yanına alnıaçıq və üzüağ dönürük. Ancaq Vətən çağırarsa biz silaha sarılaraq yoluna-izinə yaxşı bələd olduğumuz, şəhidlərimizin qanı çilənmiş səngərlərimizə yenidən qayıdacaq və yenə də Vətənin sadiq əsgəri kimi xidmətimizi davam etdirəcəyik”, - deyərək silahını, dəmir dəbilqəsini və zirehli gödəkçəsini onu əvəz edəcək gənc əsgərə təqdim edib.
Gənc əsgər Elmir Məmmədov isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin qəhrəmanlıq ənənələrini davam etdirəcəklərinə, Ali Baş Komandanımızın rəhbərliyi altında tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızdan xalqımıza qələbə müjdəsi gətirəcəklərinə and içib.
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ehtiyata buraxılan əsgərlərə tərtərlilərin minnətdarlığını çatdırıb, onlara xatirə hədiyyələri təqdim edib və ordudan mülki həyata həm fiziki, həm də mənəvi cəhətdən mükəmməl, hazırlıqlı gənc kimi dönən igid oğullara uğurlar arzulayıb.
Tərtər məktəbliləri öz bağçalarında becərdikləri gül-çiçəklərdən dəstə tutaraq Vətən oğullarına yaxşı yol diləyiblər.
General-mayor Hikmət Həsənov bu gün yola salınan igidlərlə fəxr etdiyini, onlarla bütün xalqımızın fəxr etdiyini bildirib. Belə vətənpərvər, qorxmaz, cəsarətli oğullar ordumuza bəxş etdikləri üçün onların valideynlərinə təşəkkür edib.
Ordu ilə xalqın birliyindən danışan general H.Həsənov diqqətə çatdırıb ki, tərtərlilər həmişə olduğu kimi aprel döyüşlərində də Azərbaycan əsgərinə arxa-dayaq olmuş və qələbənin qazanılmasında səylərini əsirgəməmişlər. Yaşayış məntəqələri düşmən atəşlərinə məruz qalanda, mərmilər dolu kimi yağanda heç bir tərtərli od-ocağını tərk etməyib. Bu, əsil qəhrəmanlıqdır.
Daha sonra general şəhidlərin hörmət və ehtiramla ünvanlarına yola salınmasında göstərdiyi diqqətə görə şəxsən rayonun icra başçısına və bütün tərtərlilərə minnətdarlıq edib.
Ehtiyata buraxılan əsgərlərə hərbi biletlər, nümunəvi xidmətlərinə görə fəxri fərman, valideynlərinə isə təşəkkür məktubları təqdim edən birlik komadiri onları bir-bir bağrına basıb, yaxşı yol arzulayıb. Əmin olduğunu bildirib ki, bu gün ehtiyata buraxılan gənclər əsgərlikdə olduqları kimi arxa cəbhədə, ictimai həyatda da ümidləri doğruldacaq xalqımıza, dövlətimizə layiqli övladlar olacaqlar.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon filialının sədri Suliddin Yusifov, “Azərbaycan Bayrağı” ordenli veteran döyüşçü Nizami Heydərov da Vətən qarşısında əsgəri borclarını yerinə yetirən oğullarla fəxr etdiklərini deyərək onlara uğurlar arzulayıblar.
Aprel döyüşlərinin iştirakçılarından olan gizir Raqif Qayıbov və müddətdən artır həqiqi hərbi xidmət hərbi qulluqçusu Niyazi İsgəndərov da ehtiyata buraxılan gənclərlə bir yerdə erməni işğalçılarına divan tutduqlarını, strateji yüksəklikləri azad etdiklərini, erməni əsgərlərinin silah-sursatlarını ataraq necə qaçdıqlarını xatırlayıb və bu gün ehtiyata buraxılan döyüşçüləri əvəz edəcək əsgərlərə bu barədə daha geniş söhbət açaçaqlarını, onları nümunə göstərəcəklərini deyiblər.
Tədbirə toplaşanlar milli musiqimizin sədaları altında əsgərlərlə bir yerdə rəqs edib, onları böyük qələbəliklə doğma el-obalarına yola salıblar.
Mənbə:> Oxu.az