Zakir Həsənov: Vətənə, xalqa, dövlətə xidmət bizim ömrümüzün mənasıdır
Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək müdafiə nazirinin əmri ilə “leytenant” hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov kursu bitirən məzunlarla görüşüb.
Z.Həsənov çıxışında əvvəlcə kursu bitirən növbəti buraxılışın məzunlarını ilk zabit rütbələri almaları münasibətilə təbrik edib, orduda aparılan son islahatlardan, hərbi təhsil sistemində keçirilən vacib tədbirlərdən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş, texniki və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələrdən danışıb:
“Bu əlamətdar gün sizin həyatınızda uzun müddət xatırlanacaqdır. 5 il, 10 il bundan sonra da bu hadisə yaddaşınızdan silinməyəcək. Bu gün sizin taleyinizdə mühüm bir mərhələnin bünövrəsi qoyulur - siz zabit vəzifələrinə təyin edilməklə Vətənimizin müdafiə qabiliyyətinin möhkəmlənməsinə dəyərli töhfələr verirsiniz”.
Nazir qeyd edib ki, Silahlı Qüvvələrin hər bir hərbi qulluqçusu “Vətənə, xalqa, dövlətə xidmət bizim ömrümüzün mənasıdır” - devizini dərk etməli, bu amalla yaşamalı və vicdanla xidmət etməlidir:
Torpaqlarımızın 20 faizinin illərdən bəri işğal edildiyini diqqətə çatdıran nazir vurğulayıb ki, bu problemin həll edilməsi üçün əsas məsuliyyət Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşür:
“Ölkəmiz neçə illərdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səylərini əsirgəmir. Çox təəssüf ki, ikili standartlara yol verən nüfuzlu dövlətlərin və beynəlxalq qurumların rəsmiləri işğalçı Ermənistana təsir göstərməkdənsə, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərimizin işğal altında qalmasına göz yumurlar. Belə bir vəziyyətdə Azərbaycan dövləti münaqişənin hərbi yolla həllinə məcburdur və öz ərazilərini hərbi güc tətbiq etməklə işğaldan azad etməlidir”.
Bu ilin iyul-avqust aylarında cəbhə xəttində hadisələrin gərginləşdiyini xatırladan Z. Həsənov diqqətə çatdırıb ki, bu gün ölkə rəhbərliyinin ordu quruculuğu sahəsində apardığı əsaslı islahatlar Azərbaycanın düşmənlərini qıcıqlandırıb:
“Bu hadisələr bir daha ordumuzun lazımi qədər hərbi gücə malik olduğunu sübuta yetirdi. İtkilərlə üzləşən düşmən bir daha dərk etdi ki, artıq Azərbaycan real hərbi qüvvəyə malikdir".
Çıxışını gənc zabitlərə müraciətlə davam edən nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti öz hərbi kollektivinə şəxsi nümunə olmalıdır:
“Tabeliyinizdə olan əsgərləri Vətənimizə, dövlətimizə sədaqətlə xidmət etməyə ruhlandırmaq sizin əsas vəzifənizdir. Əsgərlərin vətənpərvər döyüşçülər kimi hazırlanmasında siz bütün səmərəli vasitələrdən istifadə etməli, şəxsi heyətə yüksək döyüş əhval-ruhiyyəsi aşılamalısınız. Bu həqiqəti unutmayın ki, ən müasir silah və texnikanı idarə edən əsgərdir. Buna görə də əsgərlərimiz yüksək mənəvi dəyərlər ruhunda tərbiyə edilməlidir”.
Mənbə:> Oxu.Az