İnterpolun əlindən qurtuldu
Ölkəsindən külli miqdarda pulla qaçdığı deyilən Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç deyəsən ədalətdən canını qurtara bilib.
ANS PRESS-in məlumatına görə, eks-prezidentin ailəsinin maraqlarını təmsil edən “Joseph Hage Aaronson” vəkillik şirkətindən bildiriblər ki, İnterpol Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin axtarışını dayandırıb.
"Yanukoviçin adı artıq axtarışda olan şəxslər siyahısında yoxdur"- deyə vəkillərin bəyanatında qeyd olunub.
Bundan əvvəl vəkillər Yanukoviçin adının İnterpol məlumat bazasına salınmasından şikayət edərək bildirmişdilər ki, eks-prezidentə qarşı cinayət işi siyasi təqib səciyyəsi daşıyır.
İnterpol Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi bu ilin yanvarın 12-də axtarışa vermişdi. Ukrayna DİN rəhbəri Arsen Avakovun o zaman bildirdiyinə görə, bu addım rəsmi Kiyevin İnterpola müraciətindən sonra atılmışdı.
Qeyd edək ki, sabiq prezident Viktor Fyodorovıç Yanukovıç 2013-2014-cü illərdə Ukraynada başlayan hökümət əleyhinə etirazlardan sonra Rusiyaya qaçmağa məcbur olub.
Mənbə:> ANSPRESS