İran ABŞ və ərəb ölkələrini qorxuya saldı
FOTO: Foreign Policy
Vaşinqton İranın BMT-nin silah embarqosunun qaldırılması ilə bağlı tələblərinə müsbət cavab verdikdən sonra Tehranın nüvə proqramına yeni məhdudiyyətlərin qoyulması qarşılığında sanksiyaların qaldırılması ilə bağlı razılaşma əldə edilib.
İranın ballistik raketləri artırmasına kəskin məhdudiyyətlər qoyan səkkiz illik silah embarqosunun qaldırılması tələbi ilə bağlı Amerika və İran tərəfləri razılığa gələ bilmir.
Tərəflər yekun razılaşmanın həftənin ikinci gününə qədər əldə ediləcəyi ilə bağlı ümidli olsalar da, BMT-nin silah embarqosu bir neçə ay ABŞ və İran arasında həll edilməmiş məsələ olaraq qaldı. Ortaq məxrəcə gələ bilməyən tərəflər bu məsələni ABŞ, İran və digər əsas qüvvələr arasında aprel ayında İsveçrənin Lozanna şəhərində imzalanan ilkin sazişə daxil etməmişdilər.
Vaşinqton uzun müddət “embarqonun qaldırılması müzakirə mövzusu olmamalıdır” fikrində qaldı. ABŞ vasitəçiləri belə düşünürlər ki, İranın döyüş təyyarələri və tankları da daxil olmaqla, geniş miqyasda hərbi texnika idxal etməsinin qarşısını alan embarqo onun Livan, Suriya və İraq daxil olmaqla, regiondakı əlaltılarını silahla təmin etməsinə mane olmayıb.
Gərgin nüvə danışıqları zamanı İran nümayəndə heyəti / FOTO: Associated Press
Ancaq silah embarqosu Vaşinqton, İsrail və Fars körfəzinin ərəb dövlətlərində İran tənqidçiləri üçün simvolik bir məna daşıyır, belə ki, həmin ölkələrdə silah embarqosu İranın İraq, Livan, Suriya və Yəməndəki qüvvələrini silahlandırmaqla regionda nüfuzunu yaymaq imkanının məhdudlaşdırılmasına yönəlmiş daha geniş bir strategiyanın mühüm tərkib hissəsi hesab olunur və embarqonun qaldırılması ilə bağlı istənilən cəhd yekun razılaşma ilə bağlı qərar verməsi üçün 60 gün vaxtı olan ABŞ Konqresində İranın tənqidçiləri tərəfindən müsbət qarşılanmayacaq.
İran və Rusiya isə əksinə İranın nüvə proqramı ilə bağlı tədbir görməyə başlaması ilə ölkənin adi silahları və ballistik raketləri üzərinə qoyulan embarqonun qaldırılması lazım olduğu fikrini irəli sürüblər.
Danışıqlarla bağlı məlumatı olan rəsmilərdən biri bildirib ki, ABŞ müəyyən şərtlərlə 2007-ci ildə adi silahlar üzərinə qoyulan embarqonu qaldıra biləcəyi yollar axtarır, lakin bunu indi yox, nüvə razılaşmasının qüvvədə olduğu illərdə etməyi nəzərdə tutur, bu isə on ildən də çox çəkə bilər.
ABŞ-ın İranın ballistik raket ticarətinə qoyulan məhdudiyyətlərin yerində qalmasını tələb edib-etməyəcəyi hələ məlum deyil. ABŞ və onun Avropadakı tərəfdaşları uzun müddət bu fikirdə olublar ki, ballistik raketlər İranın nüvə ambisiyalarının ayrılmaz bir hissəsini təşkil edir. Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası İranın ballistik raket ticarətinə ilk dəfə 2006-cı ilin dekabrında məhdudiyyət qoyub.
İran nümayəndə heyəti və "Altılıq" ölkələrinin liderləri / FOTO: Associated Press
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini və İranın xarici işlər naziri Cavad Zərif aprel ayında İsveçrədə digər bütün tərəflərin adından birgə bəyanatla çıxış etdilər. Bəyanata görə, BMT “nüvə proqramı ilə bağlı əvvəl qəbul edilmiş bütün qətnamələri ləğv edəcək”, lakin “qarşılıqlı razılaşdırılmış müddət ərzində müəyyən məhdudlaşdırıcı tədbirləri” saxlayacaqdı. Diqqətli şəkildə ifadə edilmiş bəyanatda silah embarqosu haqqında heç nə deyilmir. Ancaq ABŞ tərəfindən göstərilən faktlara görə, İran adi silahlar və ballistik raketlərə qoyulan məhdudiyyətlər, eləcə də, yekun nüvə razılaşmasında yük yoxlamaları və aktivlərin dondurulmasına imkan verən müddəalarla razılaşıb. İran isə bunları heç vaxt təsdiqləməyib.
Tərəflər son bir neçə həftə ərzində sanksiyaların yüngülləşdirilməsi sürətindən tutmuş İranın müasir sentrifuqalarına və BMT inspektorlarının hərbi obyektlərə giriş hüquqlarına qədər bir çox məsələ ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışıblar. İran nüvə silahı hazırlamaq məqsədinin olması ilə bağlı iddiaları qəbul etmir və nüvə enerjisindən yalnız dinc məqsədlərlə istifadə etmək üçün potensialı artırmağa çalışdığını bildirir.
2007-ci ilin martında İranın adi silahları üzərinə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən embarqo qoyuldu. Məqsəd isə İranın İraqdan Livan və Qəzzəyə qədər əlaltı və müttəfiqlərini silahlandırmaqla regionda konflikti qızışdırması imkanını məhdudlaşdırmaq idi. ABŞ isə terrorizm, insan hüquqlarının pozulması və region boyu İsrail və ABŞ bazalarına zərbə vura biləcək ballistik raketlərin hazırlanmasına görə İran üzərinə qoyulan sanksiyaları davam etdirməyə əhd edib. Ancaq ABŞ son zamanlar adi silahlar üzərinə qoyulan embarqonu müzakirə etməyə istəkli olduğunu az da olsa, göstərir.
Ərəb ölkələri İranın Yaxın şərqdə güclənməsini istəmir / FOTO: Reuters
ABŞ-da Respublikaçıların İranla imzalanacaq hər hansı bir müqaviləni dəstəkləmələri ehtimalı çox azdır. Bununla belə, hətta bir sıra tərəqqipərvər qanunvericilər də embarqonun qaldırılması ilə bağlı narahat olduqlarını bildiriblər. “Mən İranla razılaşma əldə edilməsini həmişə dəstəkləmişəm, ancaq birdən-birə nüvə proqramı ilə heç bir əlaqəsi olmayan sanksiyaların qaldırılması razılaşma imzalanmasını dəstəkləyənlərin bəzilərinin canına qorxu sala bilər” – deyə Senator Kris Mörfi bildirib.
Bu arada İran müzakirəsinin hər iki tərəfi üzrə çalışan analitiklər müzakirəyə qoşularaq bildirirlər ki, silah embarqosunun qaldırılması regionda siyasi müvazinətin dəyişməsinə o qədər böyük təsir göstərməyəcək.
İran-Amerika Milli Şurasının rəhbəri Trita Parsi və Tayler Kallis İranın Yaxın Şərqdə hərbi nəzarəti genişləndirməsi təhlükəsinin şişirdildiyini iddia edirlər. Onlar belə bir fakt irəli sürürlər ki, ABŞ-la birləşən Körfəz dövlətlərinin hərbi xərcləri İranın hərbi xərclərini olduqca üstələyir. Parsi və Kallis yazır: “Problem odur ki, hal-hazırda Vaşinqtonda İranın nüvə razılaşmasından sonra əldə edəcəyi regional üstünlüklə bağlı yayılmış şişirdilən nağıllar reallığa uyğun gəlmir. Hegemon bir qüvvə olmayan, heç bir cəza almadan öz rəqiblərinə üstün gəlmək və onları özünə tabe etmək imkanı olmayan İranın regional mövqeyi müdafiəsizdir. Rəqibləri isə silahlar alaraq öz müdafiələrini getdikcə gücləndirirlər.”
Xarici Əlaqələr Şurasında Yaxın Şərq üzrə araşdırmalar aparan Ray Takeyh isə onların arqumenti ilə razılaşmır və bildirir ki, Səudiyyə Ərəbistanı kimi əsas Körfəz dövlətləri ona görə silahlara milyardlarla dollar pul tökürlər ki, ABŞ qarşısında nüfuz sahibi olsunlar: “Körfəz dövlətlərinin aldıqları silahlar ABŞ-la müdafiə əlaqələrini gücləndirmək üçün nümayiş etdirilir.” Səudiyyəlilər və digər Körfəz ölkələri regionda siyasi müvazinəti dəyişmək üçün hərbi güclərindən istifadədə o qədər də uğurlu olmayıblar. Takeyh qeyd edib ki, İranın hərbi potensial və nüfuzu Yaxın Şərqdə açıq şəkildə görünür.
İran Körfəz ölkələrindəki qüvvələrini gücləndirmək üçün yeni silahlar almaqda maraqlıdır
Mütəxəssislər bildiriblər ki, İran Körfəz ölkələrindəki qüvvələrini gücləndirmək və gücünü qorumaq üçün Rusiya və başqa silah istehsalçılarından torpedalar, təyyarə əleyhinə raketlər, hücum helikopterləri və dron texnologiyası almaqda maraqlı ola bilər.
İkipartiyalı Siyasət Mərkəzində milli təhlükəsizlik proqramı üzrə rəhbər Blez Miştal bildirib ki, embarqonun qaldırılması İrana Suriya rejiminə açıq şəkildə silah göndərməyə və İraqda şiələr tərəfindən idarə olunan hökumətə silah satmağa imkan verəcək. “Dəməşqə göndərmək üçün ələ keçirə biləcəkləri hər şey dəyərli olacaq və düşünürəm ki, hücum helikopterləri ən çox göndərilənlər arasında olacaq” – Miştal qeyd edib.
Mənbə:> ANSPRESS