Polad Bülbüloğlu Lyubov Kazarnovskayanın hərəkətini pislədi
“Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə səfər etmək istəyən xarici vətəndaşlara birmənalı şəkildə bəyan edib ki, işğalın davam etdirilməsi ilə əlaqədar yuxarıda sadalanan və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınan ərazilərə Azərbaycanın razılığı olmadan səfər etmək Azərbaycanın ərazi bütövlüyünü tanımamaq, milli qanunvericiliyi, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması kimi qiymətləndirilir”.
Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, bu barədə səfir Polad Bülbüloğlunun rusiyalı opera müğənnisi Lyubov Kazarnovskayanın Dağlıq Qarabağa səfəri ilə əlaqədar bəyanatında deyilir.
Səfir qeyd edib ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş şəxslərin Azərbaycan ərazisinə daxil olması qadağan ediləcək: “Hesab edirəm ki, Rusiya vətəndaşı olan Lyubov Kazarnovskaya Rusiya Xarici İşlər Nazirliyinin konsuluq xəbərləri portalında yerləşən xəbərdarlığa diqqətlə yanaşmalı idi. Məlumdur ki, yaradıcı insanlar fəaliyyət göstərdiyi dövr ərzində maddi mükafatlar alırlar. Aydındır ki, xanım Kazarnovskayanın bu səfər üçün müəyyən şəxsi stimulu olub. Lakin bu fakt jurnalist, həkim, pedaqoq, idmançı, səhnə və ya efir adamı olmasından asılı olmayaraq hər kəsin əməl etməyə məcbur olduğu və universal xarakter daşıyan qanunu pozmaq məsuliyyətini üzərindən götürmür. Lyubov Kazarnovskayanın yaradıcılığına böyük hörmətlə yanaşaraq xatırlatmaq istərdim ki, o, işğal olunmuş ərazilərə səfər etməklə və sonra KİV-ə verdiyi açıqlamalarla Azərbaycanın silahlı təcavüz, etnik təmizləmə, dinc əhalinin öldürülməsi, Azərbaycan zəngin mədəniyyətinin və musiqi irsinin məhv edilməsi nəticəsində işğal olunmuş torpaqlarında yaradılan qanunsuz rejimin vəkili qismində çıxış etməş olub.
O da aydındır ki, öz bəyanatları ilə o, ixtiyari və ya qeyri-ixtiyari Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri təbliğ etməyə xidmət edib. Bununla yanaşı o, Azərbaycanın işğal olunmuş ərazilərinin silahlı münaqişə zonası olduğunu qeyd etməyib. Dəmək olar ki, hər gün bu ərazidə intensiv atışmalar olur, snayper atışları baş verir, ölümlə nəticələnən mina partlayışları baş verir. Bütün bu amillər bu qədər ciddi risklər qarşısında bu əraziyə səfərlərlə bağlı təbliğatın qəbuledilməz olduğunu şərtləndirir, bunları görməzdən gəlmək isə Lyubov Kazarnovskayanın fikrinə inanan böyük bir auditoriyanı qəsdən ölümcül təhlükəyə uğratmaqdır. Lyubov Kazarnovskaya bu səfəri həyata keçirməklə, onun Azərbaycan tərəfindən “qara siyahı”ya salınması məsələsinə görə birbaşa özü məsuliyyət daşıyır. Eyni zamanda bir daha Rusiya vətəndaşlarını həm hüquqi, həm də yuxarıdakıları nəzərə alaraq ölümcül nəticələrə gətirib çıxara biləcək bu kimi səhvləri etməkdən çəkinməyə çağırıram”.
Mənbə:> APA