ABŞ-ın Virciniya ştatında 28 may Azərbaycan Milli Günü elan edildi – FOTO
ABŞ-ın Virciniya Ştatı qubernatoru Terense MakAulif (Terrence R. McAuliffe) Azərbaycanın milli bayramı olan Respublika Günü ilə bağlı rəsmi Bəyanat imzalayaraq 2015-ci ilin 28 may tarixini rəsmi olaraq Azərbaycan Milli Günü elan edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Oxu.Az-a verilən məlumata əsasən, sənəddə, 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının türk və müsəlman dünyasının ilk demokratik respublikası kimi tarixə düşdüyü, və bütün vətəndaşlarına bərabər hüquq vermiş ilk dövlətlərdən biri olduğu, bu ölkənin həmin dövrdə dünyanın bir çox demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur.
Ölkəmiz ilə ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq xarakterli münasibətlər qeyd olunur, Azərbaycan Milli Gününün Virciniyada yaşayan Azərbaycanlı icmasının bu ştatın iqtisadiyyatının güclənməsinə və mədəni müxtəlifliyinə töhfəsini xüsusilə qeyd etmək üçün əlavə fürsət olduğu bildirilir.
Mənbə:> Oxu.Az