Səfir Adış Məmmədov: “Təfəkkürü Biləcərini keçməyənlər təəccüblü deyil” » AzNews.info -Xəbər portalı

Səfir Adış Məmmədov: “Təfəkkürü Biləcərini keçməyənlər təəccüblü deyil”

Səfir Adış Məmmədov: “Təfəkkürü Biləcərini keçməyənlər təəccüblü deyil”


Bunu virtualaz.org saytına müsahibəsində Azərbaycanın İsveç Krallığı, eyni zamanda Norveç və Finlandiyadakı səfiri Adış Məmmədov deyib.

Diplomat müsahibəsində I Avropa Oyunları, bu tədbir ərəfəsində Azərbaycana qarşı hücumlar, habelə Skandinaviya ölkələrinin Qarabağ məsələsindəki mövqeyi, bu ölkələrlə Azərbaycanın əlaqələrinin perspektivləri və digər mövzular haqda da danışıb. Həmin müsahibəni təqdim edirik.

-Cənab səfir, Azərbaycan-İsveç münasibətlərinin bugünkü vəziyyəti necədir?

-İsveç Krallığı ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub, 2008-ci ildən isə Stokholmda Azərbaycan səfirliyi fəaliyyət göstərir. İsveç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə 1994-cü ildə yaradılmış ATƏT-in Minsk Qrupunun üzvüdür. Doğrudur, Minsk Qrupunda həmsədrlər institutu fəaliyyət göstərir və həmsədr dövlətlər əsas söz sahibidirlər. Buna baxmayaraq düşünürük ki, İsveçin də münaqişənin tənzimlənməsində öz töhfəsi ola bilər.

Digər tərəfdən, İsveç Avropa İttifaqının “Şərq tərəfdaşlığı” layihəsinin ideya rəhbərlərindən biridir və bu layihə çərçivəsində Avropa İittifaqı-Azərbaycan qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı mühüm addımlar atılır. Başqa sözlə, İsveç ümumavropa siyasətinin formalaşdırılmasında önəmli rol oynayan ölkələrdən biridir və təbii ki, bu amil də İsveçi Azərbaycan üçün əhəmiyyətli ölkələrdən birinə çevirib.

Əgər məsələyə ikitərəfli əlaqələrin inkişafı baxımından yanaşsaq, deyə bilərəm ki, Azərbaycan-İsveç münasibətləri Avropanın bəzi ölkələri ilə müqayisədə kifayət qədər inkişaf etməyib. Bunun bir sıra səbəbləri var. Məsələn, diqqətinizi iqtisadi-ticari əlaqələrə yönəltmək istərdim. Səfirliyimiz ticari əlaqələrin qurulması və inkişaf etdirilməsi, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının (qeyd edək ki, bu sahədə İsveç xarici bazardan çox asılıdır) İsveçdə tanıdılması məqsədi ilə bu ölkənin xarici ticarət təşkilatları və müxtəlif biznes qrupları ilə çoxsaylı görüşlər keçirib, müxtəlif təqdimat mərasimləri təşkil edib. Bu tədbirlərdə ölkəmizin iqtisadi inkişafı, neft və qazdan gələn gəlirlərin iqtisadiyyatın başqa sahələrinə cəlb olunması, şəffaf və ədalətli biznes mühitinin formalaşdırılması, Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan kiçik və meqa layihələrlə bağlı məlumatlar təqdim olunub.

Çox təəssüf ki, hələ də istədiyimiz nəticələri əldə edə bilməmişik. Araşdırmalarımız bunun bir sıra səbəblərlə bağlı olduğunu göstərir. Ən başlıcası İsveçdə “Telia”, “Erikson”, “Volvo” və s. kimi nəhəng şirkətlər və kiçik şirkətlər fəaliyyət göstərir. Orta ölçülü şirkətlər demək olar ki, yoxdur. Nəhəng şirkətlər öz bazarlarını rahat şəkildə özləri müəyyən edə bilirlər, o cümlədən Azərbaycanda da uzun illərdir fəaliyyət göstərirlər. Kiçik şirkətlər üçün isə uzaq Azərbaycana getmək maraqsızdır.

İkinci səbəb təkcə İsveç deyil, bütövlükdə Skandinaviya insanında Azərbaycan haqqında doğru-dürüst informasiyanın az olması, eyni zamanda müxtəlif mətbuat orqanlarında Azərbaycanın əleyhinə bəzən məqsədli, bəzən də qərəzli şəkildə formalaşdırılmış yanlış informasiyaların yer tapmasıdır. Bütün bunlara baxmayaraq iqtisadiyyatın dinamik inkişafı, stabil və təhlükəsiz mühitin formalaşması Azərbaycanı da Skandinaviya ölkələri üçün yavaş-yavaş maraqlı etməyə başlayıb.

Ötən il İsveçin Azərbaycandakı səfirliyinin açılış mərasimində iştirak edən bu ölkənin ticarət naziri ikitərəfli iqtisadi-ticari əlaqələrin inkişaf efdirilməsi məqsədi ilə Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirdi. Bu səfərdən bir müddət sonra Finlandiyanın kənd təsərrüfatı naziri Bakıda səfərdə oldu. Azərbaycanın müvafiq rəsmiləri ilə aparılan müzakirələrdə vurğulandı ki, Finlandiya tərəfi kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafında maraqlıdır. Mən əminəm ki, yaxın zamanlarda təkcə bu görüşlərin nəticələrinin deyil, Skandinaviya ölkələri ilə Azərbaycan arasında həyata keçiriləcək daha böyük layihələrin şahidi olacağıq.

Əlaqələrimizin 3-cü istiqaməti mədəni əlaqələrdir və hesab edirəm ki, biz bu istiqamətə daha çox önəm verməliyik.

- Niyə məhz mədəni əlaqələr?

- Bilirsiniz, bir ölkəni tanımaq üçün bu ölkənin xalqının tarixini və mədəniyyətini bilmək lazımdır. Bu baxımdan düşünürəm ki, Skandinaviya ölkələrində Azərbaycan mədəniyyətinin təbliğinə böyük ehtiyac var. Bu gün Azərbaycan prezident İlham Əliyev cənablarının uğurlu siyasəti nəticəsində təkcə dinamik iqtisadi inkişafa malik, Avropanın enerji təhlükəsizliyində rol oynayan, Şərqlə Qərbi birləşdirən körpü kimi regionun açar ölkəsi deyil, eyni zamanda dünyanın mədəniyyət mərkəzinə çevrilib. Artıq Bakının adı hər il dünyanın siyasi, iqtisadi və humanitar problemləri ilə bağlı keçirilən beynəlxalq forumlarla, beynəlxalq idman və musiqi festivalları ilə anılır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına verdiyi dəstək və xarici ölkələrdə mədəniyyətimizin təbliği ilə bağlı gördüyü ölçüyəgəlməz işləri qeyd etmək kifayətdir. Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə mədəni abidələrin qorunması və xeyriyyəçilik kimi humanist fəaliyyəti təkcə fondun deyil, bütöv Azərbaycan xalqının dünya mədəni irsinə və ümumbəşəri dəyərlərə verdiyi qiymət deyilmi?

Ya da Azərbaycanda formalaşmış tolerantlıq mühiti. Bu gün Avropa ölkələrindəki immiqrant problemi, cəmiyyətdəki mədəniyyətlərarası disbalans, hətta qarşıdurmaları nəzərə alsaq, tam səmimiyyətimlə deyirəm, Azərbaycan Avropa ölkələrinin çoxu üçün model ola bilər. Tolerant cəmiyyətin formalaşdırılması Azərbaycan hakimiyyətinin ən böyük uğurlarından biridir. Eyni zamanda hesab edirəm ki, Avropanın Azərbaycandan öyrənməsinə ehtiyac olan məsələlərdən biridir.

Biz Skandinaviya insanına bunları çatdırmaq istəyirik. Son dövrlər Bakıda keçirilən müxtəlif beynəlxalq forumlarda Skandinaviya ölkələrindən olan ziyalıların, ictimai-siyasi xadimlərin iştirakını təmin edirik. Sevindirici haldır ki, bu insanlar Azərbaycandan qayıdanda böyük sevgi və hörmət hissi ilə qayıdırlar.

Səfir Adış Məmmədov: “Təfəkkürü Biləcərini keçməyənlər təəccüblü deyil”


- Artıq Azərbaycan I Avropa Oyunlarının astanasındadır. Bu tədbirlə bağlı istər ölkə daxilində, istərsə də xarici mətbuatda müxtəlif fikirlər səslənir. Skandinaviyadan necə görünür?

- I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi əslində Avropanın Azərbaycana olan inamının və etimadının nəticəsidir. Belə bir möhtəşəm tədbirə ev sahibliyi etmək, əslində beynəlxalq münasibətlər sistemində yeni bir mərhələyə qədəm basmaq deməkdir. Əmin olun ki, bu tədbirin çox böyük əks-sədası olacaq. Təsəvvür edin, tədbirə dünyanın yüzlərlə nüfuzlu media orqanlarının, yüzlərlə jurnalisti qatılır. Təxminən 20 gün bütün dünya Azərbaycanı izləyəcək, Azərbaycanı danışacaq. Milyonlarla insan internet səhifələrindən Azərbaycanın tarixi, mədəniyyəti, xalqın milli adət-ənənələri, Azərbaycanın dünəni və bu günü ilə bağlı informasiyaları axtaracaq. 2012-ci ildə “Avrovizia” musiqi yarışması Azərbaycanda keçirildi, bu gün də adi isveçliyə Azərbaycan haqqında danışanda “Avrovizia”yanı xatırlayır.

Əslində Azərbaycanın belə bir məhtəşəm tədbirə ev sahibliyi etməsi səssiz, “hay-küysüz” ötüşsəydi, çox təəccüb edərdim. Bu gün beynəlxalq səviyyədə güclü və qüdrətli, müstəqil siyasət yürütmək istəyən, dünyadan haqlı olaraq ədalət tələb edən Azərbaycan birmənalı şəkildə bəzilərinin siyasi maraqlarına uyğun gəlmir və bu qruplar insan hüquqlarının pozulması adı altında Azərbaycana qarşı geniş kampaniya aparırlar.

Bilirsiniz, Skandinaviya ölkələrində müxtəlif ranqlı dövlət rəsmiləri və müxtəlif siyasətçilərlə tez-tez görüşlərimiz olur, fikir mübadiləsi aparırıq. Azərbaycanda insan hüquqlarının vəziyyəti və Skandinaviya ölkələrinin bu məsələyə münasibəti ara-sıra müzakirələrimizin mövzusu olur. Mən bu insanlardan soruşuram: “Sizin ölkənizin jurnalisti düşmən ölkənin xüsusi xidmət orqanları ilə işbirliyində olarsa, necə reaksiya verərsiniz?” Ya da “külli miqdarda vergidən yayınmaqla maliyyə cinayəti törətmiş bir kəsə münasibətiniz necə olar?”. Cavabları belə olur: “Cinayətdir, bu şəxslər qanun qarşısında cavab verməlidirlər”.

Çox gözəl, Azərbaycanda da hüquq-mühafizə orqanları eyni şeyi edirlər, yəni qanunun aliliyinə riayət edirlər. Axı həbs olunan jurnalistlərin, QHT təmsilçilərinin heç biri professional fəaliyyətlərinə görə həbs olunmayıb. Çox təəssüf ki, bütün bunları çox yaxşı bildikləri halda müxtəlif dövlətlər və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən məqsədli şəkildə Azərbaycana qarşı qərəzli və məkrli siyasət aparılır. Ancaq əmin olun ki, Azərbaycan hakimiyyəti bütün bu çirkli oyunların qarşısında dura biləcək qədər güclüdür.

Qaldı ki, ölkə daxilindəki təfəkkür və dünyagörüşü Biləcəridən o yana keçə bilməyən, dünyada baş verən siyasi prosesləri öz arşınları ilə ölçən marionetlərin reaksiyasına, buna da təəccüb etmirəm və eyni zamanda çox təəssüf hissi ilə yanaşıram. I Avropa Oyunlarının Azərbaycanda təşkili ümumxalq və ümumdövlət məsələsidir. Hesab edirəm ki, yaşından, cinsindən, siyasi baxışlarından aslı olmayaraq vətənini və dövlətini sevən hər bir azərbaycanlı bu layihəni dəstəkləməli, tədbirin uğurla keçməsinə öz yardımını etməlidir. Bunu ümumazərbaycan maraqları tələb edir.

- Cənab səfir, bir neçə gün öncə Azərbaycan xalqı ulu öndərin doğum gününü qeyd etdi. Sizin də düşüncələrinizi bilmək istərdik.

- Bilirsiniz, ulu öndər elə bir şəxsiyyət, elə bir zirvədir ki, onu bir neçə cümlə ilə xarakterizə etmək mümkün deyil. Xatırlayıram, 2003-cü ilin 10 may günündə ulu öndərin 80 illik yubileyi ilə bağlı “Xalq qəzeti”ndə “Dünənin, bu günün və gələcəyin lideri” adlı böyük həcmli məqaləm çıxdı. Məqalədə ulu öndərin siyasi fəaliyyətinin bütün istiqamətlərini təhlil etməyə cəhd etmişdim (bilmirəm nə dərəcədə alınmışdı). Bu məqalə əslində ürəyində Heydər Əliyev sevgisi olan sadə bir azərbaycanlının bu böyük insan haqqında düşüncələri idi və eyni zamanda, hələ sağlığında bu Böyük Azərbaycanlıya ödəmək istədiyi vəfa borcu idi (əgər ödəyə biləriksə).

Heydər Əliyev böyük dövlət xadimi, böyük siyasət adamı və mahir diplomat idi. Bunu müasir dünyanın siyasət nəhəngləri də etiraf edirlər. O, elə bir zirvədir ki, Azərbaycandakı siyasət tör-töküntüləri o zirvənin yanında ölçüyəgəlməz qədər kiçikdirlər. Ulu öndər qısa bir müddətdə Azərbaycan və azərbaycançılıq naminə çox böyük işlərə imza atdı. Uçmuş, dağılmış, yağmalanmış Azərbycanın kərpiclərindən öz dövlətçilik və siyasət fəlsəfəsinə uyğun, dünya siyasətində rol oynaya biləcək güclü bir Azərbaycan qurdu, yaratdı. Təkcə bu günün Azərbaycanını deyil, gələcəyin Azərbaycanının da konturlarını çəkdi. O, sadəcə olaraq dahi idi. Dahilər üçün isə zaman və məkan anlayışı yoxdur. Onların düşüncələri, ideyaları, əməlləri həmişəyaşardır.

Bütün bu qeyd etdiklərimlə yanaşı hesab edirəm ki, Heydər Əliyev ucalığının, Heydər Əliyev zirvəsinin əsasında Azərbaycana və Azərbaycan xalqına sonsuz və təmənnasız məhəbbət dayanırdı. Və əminəm ki, qədirbilən Azərbaycan xalqı heç zaman sevgisini və sədaqətini Heydər Əlievdən əsirgəməyəcək, onun ideyalarına sadiq qalacaq.

Mənbə: Haqqin.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *