Müdafiə naziri: Qarabağ münaqişəsinə yanaşmada ikili standartlara yol verilir
Bir sıra aparıcı dövlətlər və beynəlxalq təşkilatlar bəzi münaqişələrdə iştirak edən tərəflərə təsir göstərdikləri halda, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ikili standartlara yol verirlər.
Bu fikirləri müdafiə naziri general-polkovnik Zakir Həsənov Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer ilə görüşündə deyib.
Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.
ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edən amerikalı diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.
ABŞ-Azərbaycan əməkdaşlığının strateji əhəmiyyət kəsb etdiyini qeyd edən səfir Azərbaycan Ordusunda aparılan islahatları izlədiyini və bu sahədə əldə edilən nailiyyətləri yüksək dəyərləndirdiyini diqqətə çatdırıb.
Sonra tərəflər regional və ikitərəfli əməkdaşlıq, Xəzər dənizi və mühüm enerji infrastrukturlarının təhlükəsizliyi, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, hər iki ölkənin hərbi təhsil üzrə mütəxəssislərinin qarşılıqlı səfərləri, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
Mənbə:> Oxu.Az