NATO-nun baş katibi Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti haqda
Bakı-Tbilisi-Qars NATO-nun Əfqanıstanda "Qətiyyətli dəstək" missiyasının uğuruna mühüm töhfə verir.
Bunu 3-4 aprel tarixlərində Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin Alyansın 70-ci ildönümünə həsr olunmuş iclası çərçivəsində mətbuata verdiyi açıqlaması zamanı qurumun baş katibi Yens Stoltenberq deyib.
O, Azərbaycan Respublikasının Alyansın yaxın tərəfdaşı olduğunu bildirib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdırıb.
Baş katib Y.Stoltenberq ələlxüsus Bakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun Alyansın "Qətiyyətli Dəstək" missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulayıb.
Trend xatırladır ki, 2017-ci ilin 30 oktyabr tarixində açılışı baş tutmuş Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana multimodal daşımalar üçün geniş imkanlar yaradıb. Bakı-Tbilisi-Qars dəmir yolu Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil etməklə NATO dövlətlərinin Əfqanıstana fasiləsiz və təhlükəsizlik şəkildə daşımalar həyata keçirməsinə mühüm töhfə verir. Ələt beynəlxalq dəniz limanı bu sahədə imkanları daha da genişləndirəcək.
Mənbə:> Virtualaz.org