ABŞ Türkiyəyə S-400-ə görə ultimatum verdi
Türkiyə Rusiya ilə Qərb ölkələri arasında seçim etməlidir. Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ senatının silahlı qüvvələr üzrə komitəsinin başçısı vəzifəsində Con Makkeyni əvəz etmiş senator Ceyms İnhof bildirib.
“Türkiyə F-35 proqramında qalmaq istəyirsə, Rusiyanın S-400 sistemlərinin alışından imtina etməlidir”, - Pentaqonun ABŞ konqresinə təqdim etdiyi məruzəni şərh edərkən İnhof deyib.
O həmçinin əlavə edib ki, Türkiyə ABŞ-ın NATO üzrə çox vacib tərəfdaşıdır, lakin bununla yanaşı, həmin statusa uyğun hərəkət etməlidir: “Türkiyə Rusiya ilə Qərb arasında seçim etməlidir. Əgər S-400-ün alışını davam etdirəcəksə, bunun nəticələri olacaq”.
Nəşr həmçinin “Teal Group” tədqiqat şirkətinin hərbi eksperti Stiven Zaloqanın rəyini dərc edib. Onun fikrincə, ABŞ və NATO S-400-lərlə birlikdə Türkiyəyə rusiyalı hərbi mütəxəssislərin də gələ biləcəyindən ehtiyat edirlər.
“Narahatlıq var ki, türklər ruslara S-400 radarlarını Türkiyə ordusunda olan F-35 təyyarələrinə qarşı sınaqdan keçirməyə imkan yaradacaqlar ki, amerikan qırıcısının antiradar xüsusiyyətləri heçə endirilsin”, - Zaloqa bildirib.
Mənbə:> Virtualaz.org