Serj Sarkisyanın qudası axtarışa verildi
Ermənistanın İstintaq Komitəsi Yerevanın ən böyük tibb mərkəzlərindən biri olan "Surb Qriqor Lusavoriç”in keçmiş direktoru, ölkənin sabiq prezidenti Serj Sarkisyanın qudası Ara Minasyan barəsində axtarış elan edib.
Virtualaz.org Komitənin mətbuat xidmətinə istinadən bildirir ki, istintaqın məlumatlarına əsasən, Minasyan Mərkəzin bir qrup işçisi ilə cinayət əlaqəsinə girərək 2016-dan 2017-ci ilə qədər Səhiyyə Nazirliyi tərəfindən dövlət orqanları əməkdaşlarının pulsuz tibbi xidmət proqramı çərçivəsində ayırılmış pulları mənimsəyib. Söhbətin 426 milyon dramdan getdiyi bildirilir.
A.Minasyana qarşı dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamı irəli sürülüb.
Bundan başqa, yerli KİV-in yazdığına görə, Ara Minasyanın oğlu Mikael Minasyan 2013-cü ildən çalışdığı Vatikandakı səfir vəzifəsindən geri çağırılıb. Bildirilir ki, M.Minasyan Portuqaliyada və Malta Müstəqil Hərbi Ordendəki səfirliklərdən də geri çağırılıb.
Xatırladaq ki, o həm də Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkənidir.
Mənbə:> Virtualaz.org