İsrail rəsmən yəhudi dövləti oldu
Bu gün Knesset ikinci və üçüncü oxunuşdan sonra İsrail dövlətinin milli xarakteri haqqında qanunu qəbul edib. Bu, ölkənin tarixində İsrailin yəhudi xalqının milli dövləti olduğu statusunu göstərən ilk qanunvericilik aktıdır.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qanuna əsasən, İsrail yəhudi xalqının öz müqəddaratını təyin etmə, dini və mədəniyyət hüquqları olan milli dövlətidir.
Qanun layihəsində göstərilib ki, vahid Qüds İsrailin paytaxtıdır.
Bundan başqa, yeni qanuna əsasən, ivrit dili yeganə dövlət dili elan olunub, ərəb dilinə isə xüsusi status verilib. Sonuncu maddə gərgin müzakirələrə səbəb olub.
Qanunun ikinci və üçüncü oxunuşda müzakirəsi 12 saat davam edib. Deputatlardan 62-si qanunun lehinə, 55-i əleyhinə səs verib.
İsrailin baş nazir Binyamin Netanyahu qanunun qəbulundan sonra deyib: "İsrail - bu yəhudi xalqının milli dövlətidir və biz bizim bütün vətəndaşlarımızın hüquqlarına hörmət edirik". Eyni zamanda ərəb mənşəli deputatlar qanunu irqçi adlandırıb və onun qəbulunu "demokratiyanın ölümü" kimi qiymətləndiriblər.
Qeyd edək ki, ərəblər İsrail əhalisinin təxminən 20%-ni təşkil edir.
Mənbə:> Virtualaz.org